Dünya
Venesuelada zəlzələ iki milyona yaxın insanı əlacsız qoydu
Venesuelada 7.2 və 7.5 bal gücündə ardıcıl zəlzələlərdən sonra təqribən 680 min uşaq da daxil olmaqla, ümumilikdə 1.8 milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi bəyanatında bildirilir. "İyunun 24-də Venesuelanı vuran dağıdıcı yeraltı təkanlardan sonra dəstəyə ehtiyacı olan 1.8 milyon nəfərin təqribən 680 minini azyaşlılar təşkil edir", - deyə sənəddə qeyd olunub. * Venesueladakı zəlzələlərdə qeyri-adi məqam: Alimlər şoka düşdülər Təşkilatın Bolivar Respublikasındakı nümayəndəsi Manuel Rodriges Pumarolun sözlərinə görə, ölkədəki tibb müəssisələri maksimum gərginliklə fəaliyyət göstərir, minlərlə azyaşlının təmiz içməli suya çıxışı yoxdur və bir çox təhsil ocaqlarına ciddi ziyan dəyib. Vurğulanır ki, paytaxt Karakasda 432 məktəb binası zədələnib və bu, bölgədəki bütün təhsil müəssisələrinin üçdəbirindən çoxu deməkdir. Eyni zamanda, salamat qalmış məktəblər evsiz qalmış ailələr üçün müvəqqəti sığınacaq kimi istifadə olunur. Xatırladaq ki, iyunun 24-də Venesuelada iki ardıcıl güclü yeraltı təkan qeydə alınıb. ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, ilk zəlzələnin maqnitudası 7.2, ikincinin isə 7.5 olub. Bunun ardınca daha 512 afterşok baş verib. Venesuela hökumətinin təqdim etdiyi son rəqəmlərə görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1 450 nəfərə çatıb, xəstəxanalarda isə müxtəlif xəsarətlər almış 3.2 mindən çox insan müalicə alır. Çox sayda yaşayış binası uçub, infrastruktura və klinikalara zərər dəyib, dövlətin əsas hava limanının fəaliyyəti dayandırılıb.
Mənbə
oxu.az