Dünya
Günəşdən yanmısınız? - Dərini bərpa etməyin ən doğru yolları
Yayda çimərlikdə istirahət çox vaxt yalnız gözəl qaralma ilə deyil, həm də dəridə qızartı, quruluq və dartılma hissi ilə nəticələnir. Çimərlikdən sonrakı ilk günlərdə dəriyə düzgün qulluq uzunmüddətli qıcıqlanmanın və piqmentasiyanın qarşısını almağa kömək edir. Oxu.Az bildirir ki, bu barədə MK.ru məlumat yayıb. Qeyd olunur ki, xoşagəlməz hisslərin əsas səbəbi dərinin qoruyucu baryerinin zədələnməsidir. Ultrabənövşəyi şüalar, dəniz suyu və külək dərini susuzlaşdırır, nəticədə qızartı və quruluq yaranır. Dəriyə vaxtında qulluq edilməzsə, bu, piqmentasiya və vaxtından əvvəl qocalma da daxil olmaqla daha ciddi və qalıcı dəyişikliklərə səbəb ola bilər. Mütəxəssislər ilk 24 saat ərzində dərini mümkün qədər zərif şəkildə təmizləməyi, tərkibində pantenol, seramidlər və bitki ekstraktları olan sakitləşdirici vasitələrdən istifadə etməyi tövsiyə edirlər. Dəridə istilik və qızartı hissini azaltmaq üçün sərin kompreslər də faydalıdır. Düzgün qulluq sayəsində dəri bir neçə gün ərzində rahatlığını və bərabər tonunu bərpa edə bilər. Sonrakı mərhələdə əsas diqqət dərinin dərin nəmləndirilməsinə və lipid baryerinin bərpasına yönəldilməlidir. Bunun üçün hialuron turşusu tərkibli serumlardan, qidalandırıcı kremlərdən və mütləq şəkildə SPF qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur. Bu dövrdə skrablar, turşular və retinol kimi aqressiv təsir göstərən məhsullardan uzaq durmaq vacibdir.
Mənbə
oxu.az