Dünya

ABŞ-də gözəllik kraliçası toyunun hesabını tam ödəmədiyi üçün məhkəməyə verilib

27 Jun 2026, 04:31 2 baxış
ABŞ-də gözəllik kraliçası toyunun hesabını tam ödəmədiyi üçün məhkəməyə verilib
Özünü "Instagram" influenseri kimi təqdim edən və "Miss New York Elite" titulunun sahibi Keytlin Rouz Kennedi-Melanson 2025-ci ilin sentyabrında keçirilən dəbdəbəli toy mərasiminin hesabını tam ödəmədiyi iddiası ilə məhkəməyə verilib. Oxu.Az bu barədə "New York Post" nəşrinə istinadən xəbər verir. İddia ərizəsinə əsasən, toy Nyu-Yorkun Beşinci prospektində yerləşən lüks hoteldə keçirilib. Tədbir çərçivəsində qonaqlara penthausda yerləşmə, şəhər mənzərəli dam terrasında şam yeməyi və digər premium xidmətlər təqdim olunub. Təkcə iaşə xidmətinin dəyəri 100 min ABŞ dolları təşkil edib. Kennedi-Melanson sosial şəbəkə hesablarında dəbdəbəli toyundan görüntülər paylaşıb. O, nikah mərasimini tarixi Müqəddəs Patrik Katedralında keçirib. Hotel rəhbərliyinin iddiasına görə, gəlin indiyədək 106 min dollar ödəsə də, dəfələrlə edilən müraciətlərə baxmayaraq, qalan 37 min dolları hələ də ödəməyib. Faizlər də nəzərə alındıqda borcun məbləği 40 min dolları ötür. Keytlin Kennedi-Melanson isə hotelin iddialarını "cəfəngiyyat" adlandırıb. O bildirib ki, vəkili ilə məsləhətləşmədən məsələ ilə bağlı ətraflı açıqlama verə bilməz. Bundan əlavə, influenser qeyd edib ki, özü və həyat yoldaşı artıq məhkəmə sənədlərində göstərilən ünvanda yaşamadıqları üçün iddia ərizəsi onlara hələ təqdim edilməyib. Qeyd edək ki, Kennedi-Melanson 2025-ci ildə Nyu-Yorkda fəaliyyətə başlayan, orta bazar kommersiya daşınmaz əmlak investisiyaları üzrə ixtisaslaşan broker şirkətinin təsisçisi Qreq Melansonla ailə qurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər