Dünya
Marsın 24 kilometr dərinliyində sensasiyalı tapıntı - FOTO
Astronomlar Marsın təxminən 24 kilometr dərinliyində keçmişdə ərimiş maqmanın vulkanlara doğru hərəkət etdiyi geniş çat və kanal şəbəkələrinin izlərini aşkar ediblər. Bu kəşf alimlərin Marsın daxili quruluşu və tektonikası ilə bağlı indiyədək formalaşmış təsəvvürlərini əhəmiyyətli dərəcədə dəyişə bilər. Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Oksford Universitetinin mətbuat xidməti məlumat yayıb. "İndiyədək hesab olunurdu ki, Marsda vulkanik aktivlik Yerdəkindən xeyli sadə mexanizmlərlə baş verib. Yeni araşdırmamız göstərir ki, Marsın dərinliklərində ərimiş süxurların planetin demək olar ki, bütün qabığını əhatə edən mürəkkəb dövranı mövcud olub. Bu isə Günəş sistemindən kənarda yerləşən planetlərdə də oxşar proseslərin baş verməsi ehtimalı ilə bağlı yeni suallar yaradır", - deyə Oksford Universitetinin planetoloqu Tobermori Makey-Çempion bildirib. Alimlərin sözlərinə görə, uzun illərdir Mars və Veneranın Yerdən fərqli olaraq aktiv plitə tektonikasına malik olmadığı hesab edilirdi. Yer kürəsində isə bu proseslər süxurların qabıq və mantiya arasında davamlı dövranını təmin edir, eyni zamanda atmosferlə litosfer arasında maddə və qaz mübadiləsinə şərait yaradır. Beynəlxalq planetoloqlar qrupu NASA-nın "InSight" missiyasının SEIS seysmometri tərəfindən toplanmış məlumatları təhlil edərək Mars qabığının təxminən 24 kilometr dərinliyində qeyri-adi seysmik anomaliyalar aşkar edib. Tədqiqatçılar bu anomaliyaların mənşəyini müəyyən etmək üçün Marsın daxili quruluşunun kompüter modelini hazırlayıblar. Hesablamalar göstərib ki, söhbət mineral tərkibi, dəmir və silisium nisbəti ilə fərqlənən iki maqmatik süxur qatının sərhədindən gedir. Planetoloqların fikrincə, belə fərqlər yalnız maqmanın uzun müddət həmin dərinlikdə dövran etməsi və tədricən soyuması nəticəsində yarana bilər. Bu proses nəticəsində müxtəlif sıxlığa malik mineral qatları formalaşıb. Yer kürəsində oxşar hadisələr vulkan qövslərinin altındakı çatlar və maqma kanalları şəbəkəsində, həmçinin materiklərin yaranması zamanı müşahidə olunur. Alimlər hesab edirlər ki, Mars qabığında qeydə alınan seysmik anomaliyalar vaxtilə planetin nəhəng vulkanlarını qidalandıran uzun və şaxələnmiş "maqma çayları"nın izləridir. Bu isə göstərir ki, mürəkkəb geoloji quruluş təkcə plitə tektonikasının mövcud olduğu planetlərdə deyil, bu proses olmadan da formalaşa bilər. Tədqiqat müəlliflərinin fikrincə, əldə olunan nəticələr potensial yaşayış üçün əlverişli ekzoplanetlərin sayının gözləniləndən daha çox ola biləcəyini göstərir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az