Dünya
Yanacaq böhranı "Lufthansa"nı çətin qərar qarşısında qoydu
Almaniyanın "Lufthansa" aviaşirkəti yanacaq qıtlığı səbəbindən 40-a qədər təyyarənin istismarını müvəqqəti dayandırmağa hazırlaşır. Oxu.Az "Spiegel" nəşrinə istinadən xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Karsten Şpor əməkdaşlara məlumat verib. O bildirib ki, yanacaqla bağlı vəziyyət əhəmiyyətli dərəcədə pisləşib. Karsten Şporun sözlərinə görə, şirkət rəhbərliyi fövqəladə hallar üçün iki təxirəsalınmaz fəaliyyət planı hazırlayıb. Həmin planlar zərurət yaranacağı təqdirdə 40-a qədər təyyarənin istismarının dayandırılmasını nəzərdə tutur. Bununla belə, yekun qərarın hələ qəbul edilmədiyi vurğulanıb. "Bu gün biz sadəcə tədbirlər paketini müəyyənləşdirmək qərarına gəldik", - deyə Karsten Şpor bildirib. "Spiegel"in məlumatına görə, təyyarələrin istismarının dayandırılması ilə bağlı qərar qəbul olunarsa, bu addım ən tez iyul ayından etibarən həyata keçiriləcək.
Mənbə
oxu.az