Mədəniyyət
Filmdən sonra: "The Life of Chuck"
Turanə Hüseynli yazır... Bir insanın həyatı nə vaxt dünyadan böyük ola bilər? Sualın cavabı Stiven Kinqin gözlənilməz işıqlı novellasından Mayk Flanaqanın ekrana daşıdığı filmdə gizlidir: o vaxt ki, onun qəlbindəki kainat - sevdikləri, xatirələri, rəqsləri, itkiləri, xırda sevincləri - onunla birlikdə dünyaya artıq sığmır. 2024-cü il istehsalı olan "The Life of Chuck" ("Çakın həyatı") ən gözlənilməz, ən dərin dram filmlərindən biridir. Kinqin əsərlərinin əsasında artıq üçüncü filmini ekranlaşdıran rejissor Mayk Flanaqan bu dəfə mistik və ya psixoloji triller deyil, acı-şirin dad buraxan sentimental və kiçik bir filmi klassikaya çevirə bildi və Toronto Film Festivalının əsas mükafatını qazandı. Film üç hissədən ibarətdir və gedişatın niyə və necə formalaşdığını matryoşka kuklasını açırmış kimi, hissə-hissə irəliləyən aktlar vasitəsilə anlaya bilirik. Biz reallığın yavaş-yavaş silindiyi bu qəribə və fantastik qiyamətin yolunu izləyərkən film zamanın axarını geriyə çevirir və "Çak"ın ölümündən uşaqlığına doğru irəliləyir. Bütün çətinliklərə, xəstəliyinə baxmayaraq həyatı böyük ehtirasla sevən, kiçik anlara böyük məna yükləyən bir insanın hekayəsini danışmağa başlayır. Bəlkə də bütün dünya, hər şeyin mərkəzində duran "Çak"ın şüurudur... Filmin ən güclü və ən çox danışılan səhnəsi ikinci hissədədir. Tom Hiddlstonun canlandırdığı "Çak" küçə ilə gedir. Zərb alətlərində ifa edən küçə musiqiçisinə çatanda dayanır, əlindəki çantanı yerə qoyur və tanımadığı bir qadını da dəvət edərək rəqs etməyə başlayır. İkisi birlikdə, küçənin ortasında, heç bir izahat vermədən. Bu səhnə filmin bütün fəlsəfəsini içinə sığdırır. Rəqs - burada, sadəcə, bir hərəkət deyil - yaşamağı yüngülləşdirən, başqasına uzanaraq həyatı mənalı edən kiçik bir jestin yaratdığı tablodakı böyük rəngləri göstərir. Flanaqan bu səhnə haqqında deyir: "Çoxumuz küçə musiqiçilərinin yanından keçib gedirik. Bu səhnəni elə insanlara həsr etmişəm ki, o musiqiçilərin yanında dayanıb rəqs etsinlər". "The Life of Chuck" ölüm haqqında film deyil. Filmin təməli Uolt Uitmanın fəlsəfəsindən qaynaqlanıb. Stiven Kinqin məhz onun fəlsəfəsini seçmək səbəbi isə filmdə də dəfələrlə eşitdiyimiz: "Mən böyüyəm - içimdə çoxluqlar daşıyıram" misralarıdır. Bu, "Çak"ın həyat fəlsəfəsi - Uitmanın bütün yaradıcılığının əsas mövzusudur. Bir çox metafora ilə hekayə danışan bu film həyatın ən qaranlıq anlarının içində belə, sevinc, bağlılıq və məna tapa biləcəyimizi göstərir. "Çak"ın rəqsi həm sevinc anı, həm də bir müqavimət kimidir: qaçılmaz sonla üz-üzə qaldığı halda belə, insanın "yaşamağı" seçməsini simvolizə edir. Bundan əlavə, film hər bir insanın daxili aləmində bütöv bir kitabxana, bütöv bir kainat daşıdığını xatırladaraq, "bir insanın ölümü bir dünyanın yox olmasıdır" düşüncəsini içimizdə əks-səda kimi oyadır. Bu, Uitmanın "İnsan öz içində bütöv bir kainat daşıyır" fikrinin filmə çevrilmiş formasıdır. Filmdən sonra anlayırsan: Flanaqanın övladlarına həsr etdiyi bu ekran əsərinin əsas ideyası sadədir: "İnsan böyük nailiyyətlər əldə edə bilməsə belə, yaşamaq cəsarətini itirməməlidir".
Mənbə
oxu.az