Dünya

Avropada cinayət məsuliyyəti yaşı endirilə bilər

21 Jun 2026, 01:24 1 baxış
Avropada cinayət məsuliyyəti yaşı endirilə bilər
Bir sıra Avropa ölkələrində azyaşlıların cinayətkar qruplar tərəfindən cəlb olunması hallarının artması fonunda uşaqlar üçün cinayət məsuliyyətinin yaş həddinin aşağı salınması məsələsi müzakirə olunur. Oxu.Az xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri yazıb. Məlumata görə, xüsusilə İsveçdə cinayət məsuliyyəti yaşının 13-ə endirilməsi məsələsi gündəmdədir. Hazırda Almaniya və İspaniya kimi ölkələrdə ağır cinayət törədən 12 yaşlı uşaqlar cinayət məsuliyyətinə cəlb edilmirlər. Eyni zamanda, İrlandiyada 10-11 yaşlı uşaqlara münasibətdə müəyyən hallarda cinayət qanunvericiliyi tətbiq oluna bilir, Niderlandda isə bu hədd 12 yaşdan başlayır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, cinayət məsuliyyəti yaşının aşağı salınması cinayətkar qrupları daha kiçik yaşlı uşaqları öz sıralarına cəlb etməyə sövq edə bilər. Bu səbəbdən Avropa ölkələrində məsələyə münasibət birmənalı deyil. Nəşr xatırladır ki, Danimarka 2010-cu ildə cinayət məsuliyyəti yaşını 15-dən 14-ə endirmişdi. Lakin iki il sonra bu qərar ləğv olunub. Sonrakı araşdırmalar göstərib ki, dəyişiklik cinayətlərin qarşısının alınmasına əhəmiyyətli təsir göstərməyib. Əksinə, azadlığa çıxan gənclər daha çox təkrar cinayətlər törədib və təhsil sahəsində daha zəif nəticələr nümayiş etdiriblər. "Bild" nəşrinin məlumatına görə, Almaniyada cinayətkar qruplar getdikcə daha çox yeniyetmələri sifarişli qətllərə cəlb edirlər. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, belə hallar Hamburq, Şlezviq-Holşteyn və Köln bölgələrində qeydə alınıb. Bildirilir ki, yeniyetmələr mesencerlər, sosial şəbəkələr, videooyunlar və qapalı çatlar vasitəsilə cinayətkar qrupların təsiri altına düşürlər. Oxşar tendensiya İsveçdə də müşahidə olunur və burada 11-15 yaşlı uşaqlar əsas hədəflərdən hesab edilirlər. Qeyd olunur ki, bu praktika ötən əsrin 90-cı illərindən etibarən Latın Amerikası ölkələrində geniş yayılıb. Narkokartellər tərəfindən muzdlu qatil kimi istifadə olunan azyaşlılar "sikario" adlandırılır. Hazırda isə bu tendensiyanın Avropaya da yayılmağa başladığı bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər