Dünya
Zaporojye AES-də xarici enerji təchizatı kəsildi
İyunun 20-də Zaporojye Atom Elektrik Stansiyasının (AES) xarici enerji təchizatı tam kəsilib. Oxu.Az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) məlumat yayıb. Məlumata görə, Ukraynadakı münaqişənin başlanmasından bəri bu hal artıq 20-ci dəfədir qeydə alınır. "Bu fakt stansiya ərazisində nüvə təhlükəsizliyi ilə bağlı vəziyyətin nə dərəcədə qeyri-sabit olduğunu bir daha sübut edir", - deyə agentlikdən bildirilib. AEBA-dan əlavə ediblər ki, AES-in yeganə mövcud xarici elektrik ötürücü xətti olan 330 kilovoltluq "Ferrosplavnaya-1"in sıradan çıxmasına səbəb stansiyanın daxili elektrik təchizatı xətlərindəki nasazlıq olub. Qeyd olunur ki, nüvə təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən reaktorların aktiv zonalarının soyudulması sistemlərini və digər vacib funksiyaları fasiləsiz ehtiyat enerji ilə təmin etmək məqsədilə qəza dizel generatorları avtomatik rejimdə işə düşüb.
Mənbə
oxu.az