Dünya
Qrossi İran-ABŞ memorandumundan DANIŞDI
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını müsbət qiymətləndirib. Oxu.Az xəbər verir ki, bu barədə TASS Rafael Qrossinin mətbuat konfransında verdiyi açıqlamasına istinadən məlumat yayıb. "Razılaşmanın əldə olunması yaxşı haldır. İndi ABŞ və İran nümayəndə heyətlərinin birgə texniki işi başlayacaq", - deyə Qrossi mətbuat konfransında bildirib. BAEA rəhbəri istisna etməyib ki, memorandumun rəsmi imza mərasimində iştirak edəcək. ABŞ KİV-lərinin məlumatına görə, tədbir iyunun 19-da İsveçrədə keçiriləcək. Qrossi jurnalistlərə İranın nüvə dosyesi üzrə gələcək razılaşmanın detalları, təsdiq müddəti və danışıqlardakı mümkün çətinliklər barədə spekulyasiyanın təhlükəli olduğunu deyib. "Texniki danışıqlar başlamazdan əvvəl detallar barədə fikir bildirməyim düzgün olmazdı", - deyə o qeyd edib. ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqton və Tehran arasında Yaxın Şərqdəki müharibəyə son qoymağı hədəfləyən razılaşmanın əldə olunduğunu təsdiqləyiblər. Sənədin təntənəli imza mərasimi iyunun 19-da İsveçrədə planlaşdırılır. Məlumata görə, İran XİN başçısının müavini Kazem Qəribabadinin sözlərinə görə, 60 günlük atəşkəs müddətində tərəflər Tehranın nüvə proqramını da müzakirə edəcək. İyunun 15-dən ABŞ-ın İrana qarşı dəniz blokadasına son qoyulur, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar dərhal və daimi dayandırılır. Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı müharibəyə fevralın 28-də başlamışdı.
Mənbə
oxu.az