Dünya
Fransada klassik kitabları oğurlayan altı Gürcüstan vətəndaşı həbs olundu
Fransada altı Gürcüstan vətəndaşı nadir nəşrlərin, o cümlədən Aleksandr Puşkinın əsərlərinin oğurlanmasına görə yeddi ilədək həbs cəzasına məhkum edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, altı Gürcüstan vətəndaşı Paris və Liondakı nüfuzlu kitabxanalardan bir neçə rus yazıçısının əsərlərini oğurladıqlarına görə bir il yarım şərti cəzadan yeddi ilədək həbs cəzası alıblar. Beş kişi və bir qadından ibarət təqsirləndirilən şəxslər cinayət törətmək məqsədilə əlbir olmaqda və mədəni sərvətlərin oğurlanmasında təqsirli biliniblər. Onların fəaliyyəti nəticəsində təxminən 770 min avro (təxminən 1.5 milyon manat) məbləğində ziyan dəyib. Prokurorun sözlərinə görə, təqsirləndirilən şəxslər "genişmiqyaslı, mütəşəkkil və əvvəlcədən planlaşdırılmış oğurluq" həyata keçiriblər və bu əməl "xüsusi dəqiqlik və həyasızlıqla" icra olunub. Qeyd olunub ki, cinayətkarlar mürəkkəb sxemdən istifadə ediblər: onlar oxu zallarına gedərək nadir kitabların səhifələrinin fotolarını çəkib, ölçülərini götürüb və zamanın qoyduğu fərqli izləri qeydə alıblar. Daha sonra yüksəkkeyfiyyətli surətlər sifariş edərək onları orijinal nüsxələrlə əvəzləyiblər.
Mənbə
oxu.az