Dünya
Yaponiyalı nazir Donald Trampa müəllif hüququ ilə bağlı mesaj göndərib
Yapon mədəniyyətinin inkişafı və təbliği üzrə nazir Kimi Onoda rəsmi şəxslərin özgə müəlliflik işlərindən istifadə etməsinə öz münasibətini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Məsələyə ABŞ rəhbəri Donald Trampın tanınmış "Naruto" animesinin əsas personajı rolunda göründüyü videonu yayımlaması səbəb olub. Yaponiyalı rəsmi Ağ Ev rəhbərinin addımlarına birbaşa rəy bildirməsə də, məzmun yaradıcılarından icazə alınmasının əhəmiyyətini xüsusi vurğulayıb. "Hətta müəllif hüquqlarının pozulmasını birmənalı şəkildə iddia etməyin mümkün olmadığı hallarda belə, əsərin hüquq sahibinin niyyətlərinə zidd formada istifadə edilməsi riski mövcuddur. Bu isə həm əsərin imicinə, həm də hüquq sahibinin özünə zərər vura bilər", - deyə K.Onoda qeyd edib. Nazirin sözlərinə görə, əqli mülkiyyətin qorunmasının əsas qaydaları bütün dövlət qurumlarına eyni dərəcədə şamil edilir. O, həmçinin əlavə edib ki, Yaponiya tərəfi rəsmi diplomatik kanallar vasitəsilə bu cür məsələlərlə bağlı öz mövqeyini dəfələrlə Vaşinqtona çatdırıb.
Mənbə
oxu.az