Dünya
Türkiyədə qanunsuz mərc oyunları: 116 şübhəli saxlanıldı
Türkiyənin 32 vilayətində qanunsuz mərc oyunlarının təşkilinə qarşı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində 116 şübhəli saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb. Müəyyən edilib ki, şübhəlilərin idarə etdiyi qanunsuz mərc saytlarında son 10 il ərzində tranzaksiya həcmi təxminən 40 milyard lirəyə çatıb. "Qanunsuz mərc oyunlarının təşkili" və "cinayət törətmək məqsədilə mütəşəkkil cinayətkar dəstə yaratmaq və ona üzv olmaq" maddələri üzrə 18 ay davam edən texniki və fiziki müşahidə tədbirləri həyata keçirilib. Araşdırmalar zamanı 2016-2026-cı illər ərzində internet üzərindən qanunsuz mərc oyunlarının təşkilinə şərait yaradan iki mərc saytı müəyyən edilib. Həmçinin həmin platformalar vasitəsilə fəaliyyət göstərən şəxslərin cinayətkar şəbəkə qurduqları və qanunsuz mərc fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Toplanmış sübutlar əsasında 32 vilayətdə ümumilikdə 140 şübhəlinin saxlanılması üçün eyni vaxtda sinxron əməliyyat keçirilib. Əməliyyat nəticəsində 116 nəfər saxlanılıb. Bildirilib ki, şübhəlilərdən 12 nəfər xaricdədir, digər 12 nəfərin isə saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir. Şübhəlilərin yaşadıqları və fəaliyyət göstərdikləri ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal avadanlıq, eləcə də cinayət yolu ilə əldə edildiyi ehtimal olunan külli miqdarda pul vəsaiti aşkar edilərək müsadirə olunub.
Mənbə
oxu.az