Nüvə silahlarına qlobal xərclər rekord həddə çatdı
2025-ci ildə dünyada nüvə silahlarına ayrılan vəsait rekord səviyyəyə çataraq 119 milyard dollar olub.
Axar.az xəbər verir ki, bu barədə Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) iyunun 9-da dərc etdiyi hesabatda bildirilib.
Hesabata əsasən, nüvə silahına malik doqquz dövlət — ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Hindistan, İsrail, Pakistan və Şimali Koreya — ötən illə müqayisədə bu sahəyə ayırdıqları vəsaiti 19 faiz artıraraq ümumilikdə təxminən 119 milyard dollar xərcləyiblər.
ABŞ 69,2 milyard dollarla siyahıya böyük fərqlə liderlik edir. Çin 13,5 milyard dollarla ikinci, Böyük Britaniya 12,6 milyard dollarla üçüncü, Rusiya isə 9,5 milyard dollarla dördüncü yerdə qərarlaşıb. Fransa 7,7 milyard dollarlıq xərclə beşinci sırada yer alıb.
Qeyd olunub ki, son beş ildə nüvə silahına malik dövlətlər öz arsenallarına 470 milyard dollardan çox vəsait yatırıb. Təşkilatın ekspertlərinin fikrincə, bu tendensiya yeni və uzunmüddətli silahlanma yarışının başlanğıcından xəbər verə bilər.
Hesabatda vurğulanır ki, ABŞ, Böyük Britaniya və Fransa yaxın onilliklərdə nüvə sistemlərinin modernləşdirilməsinə əlavə milyardlarla dollar vəsait ayırmağı planlaşdırır.