Dünya
Pekində ROBOTLARIN DÖYÜŞÜ başlayır: İki mindən çox iştirakçı
Çinin paytaxtı Pekində iki mindən çox antropomorf robotun iştirak edəcəyi İkinci Dünya İnsanabənzər Robotlar Yarışı keçiriləcək. Oxu.Az bu barədə Çinin Mərkəzi Televiziyasına istinadən xəbər verir. Yarışlar avqustun 22-dən 26-dək Pekin Konkisürmə Stadionunda baş tutacaq. Məlumata görə, tədbirə 666 komanda qatılacaq. Beş gün ərzində robotlar idman və istehsalat, həmçinin məişət xidmətləri ilə bağlı 30 istiqamət üzrə 21 yarış növündə mübarizə aparacaqlar. Proqrama top oyunları, müxtəlif qarşıdurmalar və sənaye yığımı kimi tapşırıqlar daxildir. İştirakçıların sayının çoxluğu və yarışların intensiv qrafiki nəzərə alınaraq, stadionda robotların enerji ilə doldurulması və məşq etməsi üçün xüsusi infrastruktur yaradılıb. Yarışlarda texniki nasazlıqların qarşısının alınması məqsədilə 5G rabitə sistemindən istifadə olunacaq. Təşkilat Komitəsi sədrinin müavini Çjao Dunvey bildirib ki, əsas məqsəd humanoid robotların istehsalatda və insanların gündəlik həyatında daha geniş tətbiqinə şərait yaratmaqdır. İlk Dünya İnsanabənzər Robotlar Yarışı 2025-ci il avqustun 15-dən 17-dək keçirilib. Həmin tədbirdə təxminən 500 humanoid robot və 16 ölkədən 280 komanda iştirak edib. Yarışda Avstraliya, Braziliya, Almaniya, İtaliya, İndoneziya, ABŞ və Yaponiya da təmsil olunub.
Mənbə
oxu.az