Dünya

Siciliyada muzey SOYĞUNU: Məşhur rəssamın dörd qiymətli əsəri oğurlandı

17 Aug 2026, 07:31 2 baxış
Siciliyada muzey SOYĞUNU: Məşhur rəssamın dörd qiymətli əsəri oğurlandı
İtaliyanın Siciliya adasındakı Messina şəhərində yerləşən Regional Muzeydən erkən İntibah dövrünün məşhur rəssamı Antonello da Messinanın dörd qiymətli əsəri oğurlanıb. Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verir. Muzey rəhbərliyinin məlumatına görə, naməlum şəxslər avqustun 15-də axşam saatlarında binaya daxil olaraq təhlükəsizlik sistemini və siqnalizasiyanı deaktiv ediblər. Oğrular "San-Qreqorio" poliptixinin beş panelindən üçünü, həmçinin Məryəm və İsa Məsihin təsvir olunduğu ikitərəfli taxta əsəri aparıblar. İkitərəfli panel xüsusi qorunan vitrində yerləşdirilmişdi. Cinayətkarlar vitrini sındıraraq əsəri götürüblər. Hadisə yerində çalışan mütəxəssislərin sözlərinə görə, oğruların poliptixin bütün hissələrini çıxarmağa vaxtı çatmayıb. "San-Qreqorio" poliptixi yerli monastır üçün hazırlanıb. Əsər 1908-ci ildə baş vermiş zəlzələ də daxil olmaqla, müxtəlif dövrlərdə ciddi zərər görüb və dəfələrlə bərpa olunub. Bir tərəfində Məryəm və körpə İsanın, digər tərəfində isə Məsihin təsvir olunduğu taxta panel Londondakı "Christie's" hərrac evindən alınıb. Antonello da Messina (təxminən 1429-1479) Siciliyanın ən böyük erkən İntibah rəssamlarından biri hesab olunur. Rəssamın bu günədək təxminən 40 əsəri qorunub saxlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər