Cəmiyyət

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

09 Jun 2026, 21:32 3 baxış
Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd Azərbaycan əleyhinə növbəti açıqlama verib. O, “Tahririeh Plus” Yutub kanalında qonaq olarkən, Azərbaycanı da “hədələməyi” fürsət bilib.


“İran ona hücum edən istənilən ölkəyə o qədər güclü cavab verəcək ki, (o ölkə) heç vaxt özünə gələ bilməyəcək” - deyən Zöhrəvənd bunun ardınca Azərbaycanı hədəf seçib, “Bakı 3-4 saat ərzində xəritədən silinə bilər, ona görə də bizim yanımızdan keçməmək daha yaxşıdır”.


Zöhrəvənd İranın “rasional” hərəkət etdiyini də vurğulayıb və BƏƏ, Küveyt və ya Azərbaycan İrana hücum etməyənə qədər onlara qarşı heç bir tədbir görmədiyini bildirib. O, Rusiya və Çinin indi daha aktiv rol oynamalı olduğunu vurğulayıb, İran, Çin və Rusiya arasında birgə komandanlığın yaradılmasına çağırıb, İranın təhlükəsizliyini Rusiya və Çinlə eyniləşdirib.


Əbülfəzl Zöhrəvənd kimdir?


Əlbəttə, İranın deputatlarından yalnız biri olan Əbülfəzl Zöhrəvəndin qəfildən Azərbaycan adını ağzına almasına laqeyd yanaşmaq da olardı, hər bir halda bu, rəsmi şəxsin və yaxud güc strukturunun rəsmisi deyil. Amma məsələ bundadır ki, bu, Əbülfəzl Zöhrəvəndin Azərbaycana qarşı ilk davranışı deyil.


Hələ 2022-ci ildə bu Əbülfəzl görün, nə deyirdi:


- Azərbaycan dəhşətli fenomendir və bizim üçün potensial təhlükədir. Naxçıvan tamamilə İrana birləşdirilməlidir. Naxçıvan bizim üçün “Axilles dabanıdır”.


- Ermənilər İranın müttəfiqidir. Tarix boyu həmişə belə olub.


- “Azərbaycan” deyə bir yer yoxdur. Bunlar da (azərbaycanlılar) həqiqətən də İran azəriləridir. Azərbaycan yenidən İrana birləşdirilməlidir. İlhaq edilmədikcə İranın başına xərçəng hüceyrəsi kimi bəla olacaqlar.


Bu sitatlar Zöhrəvəndin Azərbaycana qarşı çıxışlarından qısa bir hissədir. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sarılıq keçirən bu şəxs ölkəmizə qarşı düşmən mövqeyini və ermənilərə qardaşlığını ən qatı düşmən kimi nümayiş etdirib. Hətta Azərbaycanın işğalına çağırış edib.


Və məsələ bundadır ki, Zöhrəvənd sıradan millət vəkili də deyil: o, İran diplomatıdır və İranı ən kritik ölkələrdə - İraqda və İtaliyada səfir kimi təmsil edib. Diplomatın ölkəsinin qonşusu olan Azərbaycana qarşı bu yanaşması əlbəttə, “təsadüfi boş zəvzəklik” kimi qəbul oluna bilməz.


Körfəz ölkələrindən Azərbaycana “atılmaq”...


Zöhrəvəndin aradan keçən 4 ildə dünyagörüşü və yanaşması dəyişməyib, çünki o, məhz “Azərbaycana qarşı” yetişdirilmiş məhsuldur.


Diqqət edin, deputat “BƏƏ, Küveyt” adlarının ardınca Azərbaycana keçid edir.


BƏƏ-də, Küveytdə ABŞ qüvvələri yerləşir; BƏƏ və Küveyt İrana zərbələr endirilməsi üçün hava məkanını açmışdı; BƏƏ və Küveyt İranın cavab zərbələrinə qarşılıq verən ölkələrdir.


Azərbaycan ərazisində heç bir ölkənin hərbi hissəsi, ordusu, hava/quru/dəniz bazası yoxdur; Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməyib və bu yöndən böhtan dolu iddiaları İran Prezidenti Məsud Pezeşkian təkzib edib, SEPAH-ın komandanlığı isə rəsmi olaraq açıqlama yayaraq, Azərbaycandan İran ərazisinə doğru hər hansı fəaliyyətin qeydə alınmadığını rəsmən bəyan edib.


Bəs, bu Zöhrəvənd hansı siyasi məntiqlə Azərbaycanın adını Körfəz ölkələrinin sırasında çəkir?


Əksinə, Azərbaycan İranın ən ağır vaxtlarında bu ölkəyə humanitar yardım göndərən ilk ölkə kimi tarixə düşdü. Həmçinin Rusiyanın humanitar yardımlarını da Azərbaycan İrana çatdırdı.


ABŞ əsgərləri Azərbaycanda deyil, Zöhrəvəndin “əziz qardaşı”, “İranın tarix boyu müttəfiqi” Ermənistanda yerləşib. Ancaq nədənsə Zöhrəvənd bunu dilinə almağa cəsarət etmir və yaxud bu məhsul bu həqiqətləri dilə gətirmək üçün yetişdirilməyib.


Zöhrəvənd İranın düşmənlərinə işləyir


Hazırda İran ətrafında olduqca müəmmalı və mürəkkəb oyun gedir: ABŞ/İsrail hava zərbələri, İran hava məkanının tam ələ keçirilməsi, çoxsaylı obyektlərin vurulması, eyni zamanda kütləvi sanksiyalar İranın çökməsi ilə bağlı gözləntiləri doğrultmadı.


Bütün diqqət hazırda İrana qarşı quru əməliyyatların dəstəklənməsi istiqamətindədir və bu məqsədlə hazırlanan tələlər həm də Azərbaycanla İran arasında münasibətlər üçün hörülür. Bu məqamda Azərbaycan niyə bu qədər diqqətdədir?


Çünki İran əhalisinin yarıya qədəri Azərbaycan türküdür, ümumilikdə türklərin sayı isə İran əhalisinin yarıdan çoxunu təşkil edir. Azərbaycan türkləri İran dövlətinin onurğa sütunudur, SEPAH və İran ordusunun yarısına Azərbaycan türkləri təşkil edir; Azərbaycan türkləri bu ölkənin min illik tarixində müstəsna rol oynamışlar və bu ölkəni idarə etmişlər.


Digər tərəfdən, Azərbaycan Respublikası hazırda regionun aparıcı ölkələrindən biridir və Cənubi Qafqazın ən qüdrətli ordusuna sahibdir. Xüsusilə ərazi bütövlüyünü təmin etdikdən sonra iqtisadi və siyasi baxımdan müstəqil, ərazisində heç bir ölkənin bazası olmayan Azərbaycan regionun parlayan ölkəsidir. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə NATO-nun ən qüdrətli ikinci ordusuna sahib Türkiyənin çətiri altına keçən Azərbaycan həm də nüvə ölkəsi olan Pakistanla hərbi-siyasi ittifaqdadır. Bu qardaşlığa dayanan ittifaqlar Azərbaycanı müttəfiqləri ilə birgə orta güc səviyyəsinə yüksəldib.


Azərbaycanın hər hansı təxribata çəkilməsi həm də Türkiyə və Pakistanın müdaxiləsi deməkdir və bu ssenarini arzulayan qüvvələr dünyada heç də az deyil. Məhz bu ssenariyə görə vaxtaşırı olaraq Azərbaycan ərazisindən guya İrana qarşı istifadə edildiyinə dair iddialar hətta beynəlxalq mediada ortaya atılır. Məqsəd aydındır və İran bu yanaşmaların fərqindədir - əks halda, regionun ən güclü xəfiyyə sisteminə malik İran da həqiqətləri bilir və onun bir neçə gün öncəki feyk-nyusa reaksiyasızlığının səbəbi də budur.


Dolayısı ilə Zöhrəvənd hazırda İranın düşmənlərinin dəyirmanına su tökməklə məşğuldur. Azərbaycanı İranın düşməni və ya potensial düşməni kimi təqdim etməyə çalışmaq və Azərbaycanı hədələmək, siyasi münasibətləri gərginləşdirməyə çalışmaq qətiyyən Tehranın milli maraqlarına cavab vermir.


Ona görə də İran hakimiyyəti özü diplomatına - sabiq səfirinə və hazırkı millət vəkilinə yerini göstərməli, ölkəsinin milli maraqlarına baltalayan dilləri qıfıllamağı bacarmalıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər