FHN növbəti açıq qapı günü tədbiri keçirdi
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Xüsusi Riskli Xilasetmə Xidmətinin iştirakı ilə Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 19 nömrəli Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib.
FHN-dən Axar.az-a verilən məlumata görə, Avropa Azərbaycan Məktəbinin şagirdləri və müəllimlərinin iştirak etdikləri tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürən və xilasedicilərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürən və xilasedicilərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Bu çərçivədə, şərti yanğının “söndürülməsi” və “itmiş şəxsin” xüsusi təlim görmüş itin tətbiqi ilə tapılması əməliyyatları iştirakçıların marağına səbəb olub.
Bundan əlavə, tədbir iştirakçıları fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə də yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Maraqlı keçən tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.