Digər
Vamiq Məmmədəliyev: "Erməni kamançaçı Boris pişik siçanı güdən kimi məni qabaqlamaq istəyirdi, imkan vermirdim" - FOTO
"Toy böyük məktəbdir, çünki hər xanəndənin bir xasiyyəti var, onları müşayiət etmək asan iş deyil. Məsələn, Hacıbaba Hüseynovun bir xasiyyəti var idi, Arif Babayevin başqa". Oxu.Az xəbər verir ki, bu sözləri APA-ya müsahibəsi zamanı Xalq artisti, görkəmli tarzən, professor Vamiq Məmmədəliyev deyib. - Küçəniz Dadaş Vasifin adını daşıyır. Görmüşdünüz onu? - Həri, görmüşəm. Kitab var, "Deyilən söz yadigardır". Orada qəzəlləri var. Yazıb da o vaxt. Əliağa Vahid kimi o da xarrat olub. - Bir neçə gün sonra 80 yaşınız olur, Vamiq müəllim. - Hə, az qalıb. 9-u mənəm, 14-ü Donald Tramp. Məndən beş gün kiçikdir. Görək nə göndərəcək mənim üçün (gülür). Həyətdə qədimi qablara, əl işləmələri ilə hazırlanmış sinilərə baxırıq. Həyətin başında Vamiq müəllimin muzeyinə daxil oluruq. İçəridə şəkillər, qrammofonlar, kəhrəba təsbehlərdən tutmuş qəlyana qədər, nə desən, taparsan. - Buranı dilxoşluq üçün düzəltmişəm. O divardakı da dostluq şarjıdır. Nəvələrimlə şəklimdir. - Neçə nəvəniz var? - On iki. - Siz özünüz də çoxuşaqlı ailədə anadan olmusunuz. - Səkkiz uşaq idik. İndi iki nəfər qalmışıq. - Sizdən başqa kim qalıb? - Vasim müəllim. Yaddaşının bir yerində hələ də şərqşünas alim, akademik Vasim Məmmədəliyevin sağ olduğu ilişib qalıb. - Vasim müəllim? - Yox, yox... Nasir. - Sizdən kiçik olar? - 1954-cü ildir. - İkinci Dünya müharibəsi bitəndən bir il sonra doğulmusunuz, 1946-cı ildə. - Bəli. Üzeyir Hacıbəyli 1948-ci ildə vəfat edib. İki il Üzeyir bəyin nəfəs aldığı havadan nəfəs almışam. Bəlkə, o da mənə təsir edib. - Hazırcavabsınız. Bu həm də ədəbiyyata olan marağınızdan irəli gəlir, yəqin ki. Bu həyətdə ədəbiyyatşünaslar, şairlər çox olub. - Yeri gələndə hazırcavabam. Hərdən də sonradan ağlıma gəlir, o da gec olur. - Müharibə dövrünün ağrı-acısını hiss etmisiniz uşaq vaxtı? - Hə, yadıma gəlir. O vaxt ağ çörək alanda sevinərdik. "O qədər musiqiçilər var, evinə bir adam gətirmir" - Sizin atanız da tacir, yaxud başqa gəlirli sahənin adamı olmayıb, həkim-tədqiqatçı olub. Yəqin, dolanışıq çətin keçib... - Qəndi qovurğa kimi yeyərdik, ac olurduq. Anam dükandan peçenye alıb gətirərdi, evə çatana qədər qurtarardı. Yolda hərəmiz birini götürürdük, evə gəlib çatmırdı. - Atanız da uzunömürlü olub. - Hə, atam yaxşı yaşadı. - Yəqin, bunda təbabətin rolu olub. - Elədir, atam deyirdi ki, mən nəsildə on ikinci Məmmədəliyəm. - Bu nəslin kökü haradan gəlir? - Ensiklopediya göstərir ki, Nəsrəddin Tusidən gəlir. Söhbətimizi həyətdə davam etdiririk. - Bir daha xoş gəlmisiniz bu həyətə. - Vamiq müəllim, bu həyətdə xeyli sənətkar qonaq olub. "YouTube" kanalınızda paylaşılan köhnə lentlərə baxırıq. Əliağa Quliyevdən tutmuş Hacıbaba Hüseynova, Sərvər İbrahimovdan tutmuş Tələt Qasımova qədər bu evdə olmayan sənətkar yoxdur. İndi zaman keçir, dost-aşnaların sırası yavaş-yavaş seyrəlir. Necə təsir edir bu sizə? - Nə yaxşı vaxtilə bu həyətdə o məclisləri qurmuşam. O qədər musiqiçilər var, evinə bir adam gətirmir. 2001-ci ildə elə bu bağda 55 illik yubileyim oldu. Kimlər yox idi orada... Bu vaxt Vamiq müəllimin həyat yoldaşı çay gətirir. - Sizin bu yerə gəlib çıxmağınızda xanımınızın böyük rolu var, yəqin. Bu həyət daim qonaq-qaralı olub, camaatın qabağında dayanmaq, onlara süfrə açmaq böyük hünərdir. - Əlbəttə, çətindir. Bir var, ürəklə qarşılayasan qonaqları, biri də var, candərdi. Həmişə bu qapıda qonaqları ürəklə qarşılamışıq. Adamın evinə adam gələr də. Bu da sənətimə görədir. Mən dövlətli adamam, bilirsiniz, niyə görə? Çünki sənətim, ailəm, dostlarım var. "Vasim sovet vaxtı fars dilini gizlin öyrənirdi, qoymurdular" - Atanız Məmmədəli kişi həkim olmaqla yanaşı, tədqiqatçı olub, ərəb, fars dillərini yaxşı bilib. - Bəli, qardaşım Vasim müəllim də ərəb dilini atamdan öyrənib. Sovet vaxtı fars dilini də gizlin öyrənirdi Vasim, qoymurdular o vaxt. - Atanız necə öyrənib bəs dilləri? Danışırdı o barədə? - İçərişəhərdə Quran xətm edib. Mir Mövsüm ağanın böyük qardaşı Molla Ağanın mədrəsəsində oxuyub. Atam üç dildə yaza bilirdi: əski əlifba, kiril, latın. - Atanız da bu evdə yaşayıb? - Həri. - Kənddə xəstəliklərlə bağlı yanına çox adam gəlib, yəqin. - Gəlirdilər. Onda indiki kimi UZİ-filan (USM - ultrasəs müayinəsi - red.) yox idi, atam bir adamın xəstəliyini qulaq asmaqla bilirdi. Həkim idi də. Əvvəl morqda işləmişdi, çox şey öyrənmişdi orada. Deyirdi, təcrübə üçün qızlar gəlirdilər, burunlarını tuturdular, deyirdim, sizdən heç nə olmayacaq. Çox ürəkli adam olub. Sonralar atam deyirdi, morqun yanından keçərkən o iy burnuma dəyəndə elə bilirəm, dünyanın ən gözəl iyidir. Gör, sənətini necə sevib! "Mənim püxtələşməyimdə bu kəndin rolu böyük olub" - Adətən, musiqiçilər, xanəndələr bu sənətə erkən yaşlarından başlayıblar. Siz niyə yubanmısınız? - Mən Asəf Zeynallı adına Musiqi Kollecinə 26 yaşında qəbul olundum, 30 yaşında bitirdim. Ondan da əvvəl Mədəni-Maarif Texnikumunda oxumuşam. Uşaq vaxtı dərnəyə gedirdim, məni qoymurdular ki, sən balacasan, mən də qapıdan baxırdım. Həm də solaxay idim. - Solaxay adamın sağa keçməyi çətin məsələdir. Necə vərdiş etdiniz? - Qorxudan. Məktəbdə o qədər əlimə vurdular ki... Ondan sonra tarı da başladım sağ əlimlə çalmağa. Təkcə mənim müəllimim Əhmədxan Bakıxanov sol əlində çalırdı tarı. O da deyirdi ki, qardaşım Məmmədxan mənim tarımı çalırdı, mən də istəmirdim kimsə çalsın tarımı, ona görə keçirtdim sola. - Asəf Zeynallı adına texnikumda ixtisas müəlliminiz kim olub? - Adil Gəray, Əhmədxan Bakıxanov, Bəhram Mansurov. - Vamiq müəllim, biz belə görmüşük ki, tar ifaçıları bir müddət ansamblda əvvəlcə ikinci tarzən, sonra birinci tarzən olurlar. Sonra da başlayırlar üçlük şəklində - tarzən, kamançaçı, xanəndə - konsert verməyə. Siz elə bil bu mərhələləri sürətlə keçmisiniz, üçlük şəklində ifaya tez başlamısınız. - Bizdə kənddə o qədər yaxşı zümzümə edənlər var idi ki, hamı üçün ifa edirdim. Xanəndə gəlirdi, bir də görürdün, tarzən gecikib. Deyirdilər, Vamiqə deyin, tarını götürüb gəlsin. Mənim püxtələşməyimdə bu kəndin rolu böyük olub. Kürdəxanı kəndi məni çox sayıb. O vaxt musiqiçi az idi, hamı bir-birini tanıyırdı. "Üzeyir bəy bu addımla əsl Azərbaycan musiqisi yaratdı, muğamı milliləşdirdi" - O vaxtın Bakı toyları elə məktəb rolunu oynayırdı. - Toy böyük məktəbdir, çünki hər xanəndənin bir xasiyyəti var, onları müşayiət etmək asan iş deyil. Məsələn, Hacıbaba Hüseynovun bir xasiyyəti var idi, Arif Babayevin başqa. Hacıbaba üçün ifa etmək çətin idi. Bilirsən, niyə? Zil səsi yox idi deyə zil pərdələrdə çalan kimi deyirdi, hə, indi o hissələri sən oxuyacaqsan? (gülür) Mən də yorulurdum axı eyni pərdələrdə çalmaqdan, istəyirdim, gəzişim. O vaxt Paşa dayı var idi, köhnə tarzənlərdən olub. Zülfü dayı (Zülfü Adıgözəlov - red.) toylara onunla gedirdi. Bir dəfə Paşa dayı tarın "sol" (beşinci not - red.) pərdələrini kəsib. Zülfü bunu görəndə deyib ki, ay Paşa, tarın sol pərdələri hanı? Paşa dayı da qayıdıb ki, sənin, onsuz da, oralıq işin yoxdur. (gülür) - Xanəndə var, pərdələrdə gəzişən tarzəndən xoşu gəlmir. - Hacıbaba elə idi... Yaqub Məmmədov görürdü ki, tarzən uzadır, alırdı əlindən, başlayırdı oxumağa. Bəzi xanəndələr dəftərə baxmasalar, oxuya bilmirdilər. Yaqub, Arif sinədəftər idilər. - Üzeyir bəy repressiya dövründə tarda islahatlar apardı. Bəzi pərdələri ləğv etdi. Bununla da muğamlardakı bir sıra şöbələr, guşələr sıradan çıxdı. Bəziləri deyirlər, Üzeyir bəy yaxşı edib, digər tərəf isə deyir ki, o ixtisarlar klassik muğamı yoxa çıxartdı. Siz necə düşünürsünüz? - Əlbəttə, Üzeyir bəy nə edibsə, yaxşı edib. O dövrə görə çox ağıllı addım atıb. O qədər xırda şöbələr var idi, onlar ləğv olub. Bilirdi ki, onları heç kim yadda saxlamayacaq. Üzeyir bəy bu addımla əsl Azərbaycan musiqisi yaratdı, muğamı milliləşdirdi. Tarda hazırda var olan 22 pərdə kifayətdir. Bütün dünya musiqisini tarda çalmaq olur. - Xanəndələrin bəzilərinin musiqiçiyə pul verməkdə əlləri bir az kəm olub. Gördüklərinizin arasında ən səxavətlisi kim olub? - Bu, camaatın vəziyyətindən asılı olub. Məsələn, Kürdəxanı kasıb kənddir, amma xiridarlar olub. Onda musiqiçiyə puldan əlavə pay da verərdilər. Xanəndənin payı ayrı, tarzənin payı ayrı, kamançaçının payı ayrı. Bakıda standart qiymət var idi, o vaxtın pulu ilə 400 manat. Amma rayonlara gedəndə qiymət danışırdılar. Filarmoniyaya gəlib toy danışırdılar. O vaxt böyük hörmət var idi, əşi, indi yoxdur. - Buna nə səbəb oldu? - Tütünün bolluğundan Həsən də qəlyan çəkdi, Hüseyn də. Xanəndə, tarzən çoxaldı. Həm yaxşı müşayiətçi olasan, həm solo ifaçı olasan, həm də müəllim, bu, çox çətin məsələdir. - Bəs sizdə bunların hər üçü necə alındı? - Daha o mənəm də... "Gərək yaşlılar gənc xanəndələrə yer versinlər" - Keçmiş ifaçılara qulaq asırıq, məsələn, Qurban Pirimov, Bəhram Mansurov... Onların ifasında lənglik, ağırlıq var. Hər mizrablarının səsi qulağa ayrı dəyir. Vaxt keçdikcə tarzənlər sürətli çalğıya, gəzişmələrə keçdilər. Bu necə olmalıdır? Qayıtmalıyıq əvvəlki üsluba, yoxsa bütün sahələrdə olduğu kimi, tar ifaçılığında da yenilik lazımdır? - O dövrün öz yolu var idi. Onların texnikası ancaq mizrab toxunuşu idi. Mirzə Mansur 70-dən yuxarı mizrab növü sayırmış. İndikilər ancaq üst mizrab, alt mizrab, santur mizrab - bunları bilirlər. O vaxt Bəhram Mansurovdan 22 mizrab növü öyrəndim. Mizrabi-gürzü, mizrabi-gürdüz, mizrabi-pərvanə, qoşa mizrab, mizrabi-zəngi, dəsti-kari... Öyrənmək lazımdır, deyirlər, qocanın biliyi, cavanın biləyi. O vaxt bir pəhləvan deyir ki, mən ustadımla güləşəcəyəm. Ustadı görür ki, tələbəsi bunu yıxacaq, bir fənd işlədir, yıxır tələbəsini. Tələbə qayıdır ki, bunu mənə deməmişdin axı. Ustad deyir, bax, bu gün üçün saxlamışdım. - Siz nəsə saxlamısınız? - Yox e, bildiklərimi demişəm. Məndən çox tələbə bəhrələnib. - Nə qədər də inkar etsək də, muğamda bölgü aparırlar. Qarabağ yolu, Bakı yolu, Şamaxı yolu. Siz çox xanəndələri müşayiət etmisiniz. Bu bölgü barədə nə düşünürsünüz? - Bilirsiniz, "Çahargah" Şirvanda da "Çahargah"dır, Bakıda da, Qarabağda da. Oxuyanlarda fərq var. Seyid Şuşinskinin müəllimi Əbülhəsən xan İqbali Azər Təbriz şivəsi ilə oxuyub. Amma Seyid ondan çox şey öyrənib. Məsələn, Şəkili Ələsgər olub. Nə olsun şəkilidir? Amma əla səsi olub. Hamı bir-birindən bəhrələnib. Amma zil səsli xanəndələr Qarabağdan çıxıblar. Bakıda sözə üstünlük verilib. Hamı bir-birindən nəsə götürüb. - Bəzən tara qulaq asırsan, görürsən, tar səsi gəlmir, gitara səsi gəlir... - Çünki gitara yolu çalırlar. Həm də tarın səsi çox çıxsın deyə nə isə qoşurlar, o da səsi dəyişir. Elə olurdu, səsucaldıcılar olmayan toylarda çalırdım tarı. Toyxanada sakitlik olardı, sərpayılar var idi, toylarda hər şeyə nəzarət edərdilər. - Sovet vaxtı erməni kamançaçılarla birgə ifa etmisiniz? - Bəli, Boris, Nefton, Jora var idi... Onlardan biri Bəhram Mansurova deyibmiş ki, Bəhramcan, erməni ilə azərbaycanlının ətini qarışdırıb maşında çəksən, erməni ayrı çıxar, azərbaycanlı ayrı, biz heç vaxt birləşmərik. Birgə yaşamışıq, amma yenə də erməni ki, erməni... - Sənətkarlıqları olub? - Olub, olub... Borislə bir yerdə çalanda, pişik siçanı güdən kimi, istəyirdi ki, məni qabaqlasın, imkan vermirdim. Söhbətin bu yerində azan oxunur... - Azan da verildi... Bu evdə həmişə Allah kəlamı olub. Dində musiqiyə yanaşma birmənalı olmayıb. Qurani-Kərimi tərcümə edənlərdən biri kimi qardaşınız Vasim Məmmədəliyevin yanaşması necə idi musiqiyə? - Həmişə deyirdi ki, Həzrəti Davud Quranı "Rahab" üstə oxuyub. Mərsiyələr necə yaranıb bəs? O da musiqidir də. Bir dəfə nardaranlıların məclisinə getdim. Atamın bir sözü var, bir var, mömin, bir də var, xərə mömin, yəni eşşək mömin. Elələrindən biri qayıtdı ki, bu tar çalmaq peyğəmbərin üzünə şillə vurmaq kimi şeydir. Qəzəlxan Hacı Mail də oradaydı. Mənim pərt olduğumu görüb: "İndi bu yazıq neyləsin, sənətidir də", - dedi. Xeyli güldük, vəziyyətdən çıxdım. "Tar yaltaqlığı sevmir" - Son vaxtlar Mənsum İbrahimovla Nəzakət Teymurovanın "Leyli və Məcnun" oynamaqları ilə bağlı narazılıqlar var. Deyirlər, bu yaşda "Leyli", "Məcnun" olmaz. Siz necə fikirləşirsiniz, düz deyirlər? - Gənclərə yer vermək lazımdır. Nəzakət də, Mənsum da yaxşı oynayıblar. Görünür, estafeti əldən vermək istəmirlər. (gülür) Gənclər arasında da "Leyli və Məcnun"da oxuyanlar var. - Özünüzdən əvvəlki tarzənlərin içində idealınız kim olub? - Hamını dinləmişəm. Əhsən Dadaşovla Hacı Məmmədovun münasibəti yaxşı olmayıb. Hacı müəllimin yoldaşı danışırdı ki, buna baxmayaraq, Əhsən rəhmətə gedəndə Hacı uşaq kimi ağlayırdı. Deyirdi, sən bilmirsən kim ölüb, ən ləzzət aldığım sənətkar ölüb... Hərənin bir yolu var. Bir dəfə Hacı dedi ki, "Mahur Hindi" muğamının solo hissəsini sən çalacaqsan. İfa edib bitirdim, təbrik etdi. Dedi, Bəhramın tələbəsi olsan da, mənim yolumla çalırsan. Mənə ən yaxın çalğı Hacı Məmmədovun çalğısı idi. - Bəs yaşca sizdən kiçiklərdən kimin ifası daha çox ürəyinizə yatır? - Tarı tar kimi çalan, muğamı düz ifa edən Ağasəlim Abdullayevdir. Tar yaltaqlığı sevmir, gərək onu tar kimi ifa edəsən, gitara kimi yox. Məqsəd xanəndəni oxutmaqdır. İndi baxıram, müşayiət vaxtı hərdən elə bil solo ifa edir. Sən müşayiət edirsənsə, gərək müşayiət etdiyin ifaçıdan qabağa çıxmayasan. "Atasını yandırdılar meyxananın" - Meyxanaya münasibətiniz necədir? Bakılılar meyxananı sevirlər... - O vaxt toydan sonra yığışırdılar, çırtma, nağara ilə balaca bir yerdə meyxana deyirdilər. Sonralar korladılar, atasını yandırdılar meyxananın. Meyxana musiqi deyil, meyxana sözdür, ritmdir. Meyxanaçını efirə oxuyan kimi çıxardılar. Səs də yoxdur... Amma Əhmədxan Bakıxanov demiş, bəd rəng də bir rəngdir... - Dövlət tərəfindən müxtəlif təltiflərə layiq görülmüsünüz. 80 illiyinizdə nə gözləyirsiniz? - Ad verilib, ev verilib. Təzədən necə müraciət edim? Abır yaxşı şeydir. 14-ü Muğam Mərkəzində yubileyim keçiriləcək. - Nə gördünüz bu 80 ildə? - Hər şey... İnsanların müxtəlif xarakterlərinin şahidi oldum. Yaltaqları, ikiüzlüləri, nanəcibləri gördüm... Bir onu bilirəm ki, adam gərək çörək itirməsin. Müsahibənin sonuna yaxın Vamiq Məmmədəliyevdən bizim üçün tar ifa etməsini xahiş etdik. Tarını götürmək üçün evə girdi. Dedik, nəvələrdən biri tarı gətirsin. "Mənim tarıma özümdən başqa heç kim əl vurmur", - dedi. Otaqdan tarın təkəm-seyrək səsi gəlirdi. Nadirə baxıb dedim ki, tarı bizim yanımızda kökləməsin deyə içəridə kökləyib gətirir. O da bir az qulaq asıb gözünü qıydı: "Hə, əsl yazı materialıdır". Vamiq Məmmədəliyev evdən çıxıb əlindəki tarı yuxarı qaldırdı: - Bu tarın 100 yaşı var, 1926-cı ildə atam alıb, məndən 20 yaş böyükdür. Sonra tarı sinəsinə basdı, xeyli ifa etdi. İfanın ardınca bağı gəzişəndə üstü oyulmuş iri daşlar gördük, oyuqda su var idi. Nə olduğunu soruşanda Vamiq müəllim: "Axurdur onun adı, su tökmüşəm ki, sərçələr içsinlər", - dedi. Başa düşdük ki, bağına hərdənbir qonaq gələn sərçənin də suyunu əsirgəməyən adamın o cür tar ifası elə bu səksən ilə böyük, qiymətli paydır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az