Azərbaycanda 1 həftəlik ailəvi istirahətin qiyməti...
Bu yay daxili turizmdə qiymətlər ötən illə müqayisədə ciddi dəyişməyib. Birgünlük turlarda qiymət artımı 4-5 manat, ikigünlük turlarda isə təxminən 10-15 manat civarındadır. Ümumilikdə isə bu artım ölkədəki ümumi qiymət artımı fonunda kifayət qədər cüzi hesab olunur.
Bu sözləri Axar.az-a açıqlamasında turizm eksperti Əziz Şiriyev yay mövsümündə daxili turizm bazarında qiymətlərdən danışarkən deyib.
Ekspert bildirib ki, vətəndaşlar fərdi şəkildə deyil, turizm şirkətləri vasitəsilə səyahət etməklə daha sərfəli qiymətlərdən yararlana bilərlər:
“Turizm şirkətləri qrup şəklində turlar təşkil etdiyindən qiymətlər daha münasib olur. Hazırda birgünlük turlar orta hesabla 25 manatdır, səhər yeməyi daxil olduqda isə 29 manata başa gəlir. İkigünlük turların qiyməti 89-99 manatdan başlayır və əsasən 3 və 4 ulduzlu otellərdə yerləşməni əhatə edir.
Otel qiymətləri xidmət səviyyəsi və ulduz kateqoriyasından asılı olaraq dəyişir. Hazırda gecəlik 60, 80, 100 və 120 manata otel tapmaq mümkündür. Son dövrlərdə bəzi otellərin ulduz dərəcələri yenidən qiymətləndirildiyindən bazarda müəyyən dəyişikliklər də baş verib”.
Ekspertin sözlərinə görə, orta statistik bir ailənin bir həftəlik istirahəti təxminən 1200-1300 manata başa gələ bilər:
“Əgər ailə 6 gecə, 7 günlük istirahət planlaşdırırsa və gecəlik otaq qiyməti təxminən 100 manatdırsa, təkcə yerləşmə xərci 600 manat təşkil edir. Qidalanma üçün də orta hesabla 500-600 manat nəzərdə tutulduqda, kiçik ailənin bir həftəlik istirahəti 1200-1300 manata başa gəlir”.
Turizm eksperti bildirib ki, hazırda ən münasib qiymətlər cənub və şimal-qərb bölgələrində müşahidə olunur:
“Qax, Zaqatala və Balakən istiqamətlərində qiymətlər daha münasibdir. Quba və Qəbələdə isə turist axınının çox olması səbəbindən qiymətlər nisbətən yüksəkdir”.