Cəmiyyət

Media eksperti: "16 yaşadək uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyət vacibdir"

08 Jun 2026, 20:12 1 baxış
Media eksperti: "16 yaşadək uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyət vacibdir"
"Yeniyetməlik dövründə insanın şəxsiyyəti, özünəinamı, dəyər sistemi, sosial münasibətləri və emosional durumu formalaşır. Bu yaşlarda sosial şəbəkələrdən məhdudiyyətsiz istifadə yeniyetmələr arasında depressiya, təşviş pozuntuları və özünəqəsd düşüncələrinin artmasını stimullaşdırır. Həmçinin kiberzorakılıq hallarını artırır". Bu sözləri Oxu.Az-a açıqlamasında media eksperti Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, problem ondadır ki, ənənəvi zorakılıq məktəb və ya küçə ilə məhdudlaşdığı halda, virtual zorakılıq günün istənilən saatında davam edə bilir: "Uşaq evdə olsa belə, təhqir, təzyiq, alçaldılma və sosial təcrid riski ilə üzləşir. Rəqəmsal texnologiyaların, internetin, xüsusən sosial şəbəkə platformalarının uşaqlar və yeniyetmələr üzərində yaratdığı neqativ təsirlər bütün dünya dövlətlərində narahatlıq doğurur, ciddi şəkildə müzakirə edilir. Son illərdə dünyanın müxtəlif ölkələrində 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması ilə bağlı qanunvericilik təşəbbüslərinin irəli sürülməsi də məhz bu narahatlıqlardan qaynaqlanır. Dünya təcrübəsi göstərir ki, bu istiqamətdə atılan addımlar müsbət nəticələr verir. Məsələn, Avstraliya 16 yaşadək uşaqların sosial şəbəkələrdə hesab açmasını məhdudlaşdıran ən sərt qanunvericilik modellərindən birini qəbul edib və effekt əldə edib. Norveç, İrlandiya və digər bir sıra ölkələr sosial şəbəkə platformalarından istifadə yaşının 16-ya qaldırılmasını təklif ediblər. İspaniya isə uşaqların rəqəmsal asılılıqdan qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar da uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsini prioritet vəzifə kimi irəli sürüblər". Müşfiq Ələsgərli vurğulayıb ki, bu baxımdan Azərbaycanda 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması istiqamətində atılan addımlar müasir dövrün çağırışlarına uyğun və strateji əhəmiyyət daşıyan təşəbbüs kimi qiymətləndirilməlidir: "Bu qərar təkcə rəqəmsal təhlükəsizlik məsələsi deyil, həm də gələcək nəslin psixoloji sağlamlığına, təhsil keyfiyyətinə və sosial inkişafına yönəlmiş uzunmüddətli investisiyadır. Belə bir yanaşma daha sağlam, daha savadlı və daha dayanıqlı cəmiyyətin formalaşmasına xidmət edə bilər".
Media eksperti: "16 yaşadək uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyət vacibdir" Media eksperti: "16 yaşadək uşaqların sosial şəbəkələrə çıxışına məhdudiyyət vacibdir"
Mənbə oxu.az

Oxşar Xəbərlər