İdman
Konor Makqreqorun döyüşünə biletlər dörd dəqiqəyə satıldı
Azarkeşlər irlandiyalı qarışıq döyüş növləri (MMA) idmançısı Konor Makqreqorun Mütləq Döyüş Çempionatına (UFC) qayıdışından sonrakı ilk qarşılaşması üçün bütün biletləri qısa müddət ərzində alıblar. Oxu.Az bu barədə AS nəşrinə istinadən xəbər verir. İrlandiyalı döyüşçü iyulun 11-də Las-Veqasda keçiriləcək "UFC 329" turnirində gücünü sınayacaq. Makqreqorun rəqibi amerikalı Maks Hollouey olacaq. Bütün biletlər satışa çıxarıldığı andan etibarən dörd dəqiqə ərzində satılıb. İlk cərgədən bilet almaq 43 000 dollara (təxminən 73 100 manat - red.) başa gəlib. Arenanın yuxarı yarusundakı ən ucuz biletlərin qiyməti isə 600 dollardan (təxminən 1 000 manat - red.) başlayıb. Xatırladaq ki, Makqreqor amerikalı Dastin Poryeyə texniki nokautla məğlub olduğu 2021-ci ilin yayından bəri döyüşmürdü. Həmin qarşılaşmada irlandiyalı döyüşçünün ayağı qırılmışdı və bundan sonra çıxış etmirdi.
Mənbə
oxu.az