İdman
Millimizin baş məşqçisi: "Bu görüşlərin hər biri bizim üçün təcrübədir"
"Bizi mübariz və əzmkar komandaya qarşı çətin oyun gözləyir". Oxu.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan - Litva matçından əvvəl keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov deyib. Baş məşqçi rəqibin oyun öncəsi fiziki durum baxımından müəyyən üstünlüyə malik olduğunu bildirib: "Litva bizdən bir gün əvvəl yoldaşlıq görüşündə iştirak edib və bəzi əsas futbolçularını həmin matçda meydana buraxmayıb. Bizdə isə bəzi oyunçular son qarşılaşmada 90 dəqiqə oynayıblar. Artıq dördüncü görüşümüzə çıxacağıq. Son qarşılaşmadan sonra futbolçularla danışdıq. Təbii ki, qələbə qazana bilmədiyimiz üçün məyusluq oldu. Lakin həmin oyunu geridə qoymalı və Litvaya qarşı daha yaxşı futbol nümayiş etdirməliyik. Milli komandada çıxış etmək və burada işləmək hər zaman böyük təzyiq yaradır. Futbolçu bu təzyiqin öhdəsindən gəlməyi bacarmalıdır. Son oyundan dərhal sonra bəzi futbolçularla ayrıca söhbətlərimiz də oldu. Elə oyunçular var ki, klubunda daha sərbəst oynayır, amma milli komandada eyni rahatlığı göstərə bilmirlər. Onların milli karyeraları hələ yenidir və uyğunlaşmaları üçün müəyyən zamana ehtiyacları var. Komandada kifayət qədər təcrübəli futbolçular da mövcuddur. Onlar əvvəllər belə vəziyyətlərlə üzləşiblər. Biz də daha ağır məqamlardan çıxmağı bacarmışıq. Bir oyunun nəticəsi ilə heç nə başa çatmır. Bu görüşlərin hər biri bizim üçün müəyyən təcrübədir". "Əlbəttə, qrupda lider olmaq, daha çox xal toplamaq və reytinqimizi yüksəltmək istəyirik. Növbəti tsikldən etibarən "C" liqasında format da fərqli olacaq və rəqiblərin sayı artacaq. Buna görə də komandanı formalaşdırmaq, futbolçuları daha yaxından tanımaq üçün müəyyən mərhələlərdən keçməliyik. Bu prosesin hər günü bizim üçün yeni sınaq oldu. Ümid edirəm ki, yaşadığımız bütün bu təcrübələr gələcəkdə komandamızın xeyrinə işləyəcək", - deyə baş məşqçi qeyd edib. Xatırladaq ki, "Palm Sport Arena"da keçiriləcək Azərbaycan - Litva oyunu sabah saat 17:00-da start götürəcək.
Mənbə
oxu.az