Dünya
"Harri Potter"in ilk nəşri 23 min dollara satıldı
"Harri Potter və fəlsəfə daşı" kitabının ilk nəşri İngiltərədə keçirilən hərracda 17 min funt sterlinqə (təxminən 23 min dollar) satılıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Mirror" qəzeti məlumat yayıb. 1997-ci ildə cəmi 4.99 funt sterlinqə satışa çıxarılan bu nüsxə Edinburqdan olan kitab resenziyaçısı Katrina Maknikola məxsus olub. O, kitabı vaxtilə ikinci əl kitab mağazasından əldə etsə də, oxumağa vaxt tapmayıb və tam yeni vəziyyətdə qutuda saxlayıb. Kitab təxminən 30 il çardaqda qaldıqdan sonra sahibi köhnə əşyalarını satmaq qərarına gəlib. İngiltərənin Liçfild şəhərində nadir kitabların hərracını təşkil edən "Hansons" hərrac evi bu nüsxəni "son dərəcə nadir tapıntı" adlandırıb. Kitab ilk dəfə çap olunanda nəşriyyat böyük tələbat gözləmədiyi üçün onu cəmi 500 sərt üzlü və 5 mindən bir qədər çox yumşaq üzlü nüsxədə buraxmışdı. Məhz bu səbəbdən ilk nəşrlər hazırda kolleksiyaçılar arasında dünyada ən çox axtarılan müasir rəflərdən birinə çevrilib. Xatırladaq ki, 2017-ci ildə Coan K. Roulinq tərəfindən şəxsən imzalanmış ilk nəşr "Bonhams" hərracında rekord qiymətə - 106 min funt sterlinqə (təxminən 140 min dollar) satılmışdı. Britaniyalı yazıçının yeddi kitabdan ibarət məşhur seriyası 1997-2007-ci illərdə işıq üzü görüb. 80-dən çox dilə tərcümə edilən kitabların ümumi tirajı 500 milyon nüsxəni ötüb. Bu əsərlər əsasında ondan çox uğurlu film çəkilib.
Mənbə
oxu.az