Siyasət

Müşfiq Məmmədli: "WUF13 Azərbaycanın qlobal mövqeyini daha da möhkəmləndirdi"

23 May 2026, 15:56 3 baxış
Müşfiq Məmmədli: "WUF13 Azərbaycanın qlobal mövqeyini daha da möhkəmləndirdi"
"Bakıda keçirilən WUF13 - Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası təkcə beynəlxalq tədbir deyil, Azərbaycanın qlobal dialoq, dayanıqlı inkişaf və çoxtərəfli əməkdaşlıq platforması kimi artan rolunun növbəti təsdiqidir". Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib. Deputat bildirib ki, 176 ölkədən 57 mindən çox iştirakçının qatıldığı forum tarixdə ən genişmiqyaslı WUF sessiyası olmaqla yanaşı, COP29-dan sonra ölkəmizdə təşkil olunan ikinci ən böyük qlobal tədbir kimi yadda qaldı: "Bu fakt Azərbaycanın beynəlxalq etimad qazanan, böyükmiqyaslı beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edən ölkə statusunu bir daha nümayiş etdirir". M.Məmmədli qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə Liderlərin Bəyanatları Sessiyasının keçirilməsi ölkəmizin siyasi dialoq üçün yeni platformalar formalaşdırmaq imkanlarını ortaya qoydu: "Onlarla dövlət və hökumət başçısının, beynəlxalq təşkilat rəhbərlərinin iştirakı Azərbaycanın regional deyil, qlobal səviyyədə strateji tərəfdaş kimi qəbul edildiyini göstərir". Onun sözlərinə görə, WUF13 çərçivəsində keçirilmiş Nazirlər görüşünün yekun sənədi də mühüm mesajlar verdi: "Azərbaycanın qonaqpərvərliyi, forumun uğurlu təşkili, Prezident İlham Əliyevin liderliyi və postmünaqişə dövründə həyata keçirilən bərpa-quruculuq siyasəti yüksək qiymətləndirildi. Bu, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinin beynəlxalq səviyyədə nümunə kimi qəbul edilməsinin göstəricisidir". Deputat vurğulayıb ki, Azərbaycan bu forumda yalnız ev sahibi rolunda çıxış etmədi, eyni zamanda öz təcrübəsini dünyaya təqdim etdi: "Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, "Böyük Qayıdış" proqramı, ekoloji yanaşmalar və dağıdılmış yaşayış məntəqələrinin bərpası müasir şəhərsalmanın praktiki modeli kimi diqqət çəkdi. Bu gün Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa siyasəti artıq beynəlxalq müzakirə mövzusuna çevrilir". M.Məmmədli bildirib ki, "Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı", Bakı Şəhər Mükafatının təsis olunması və gələcək WUF sessiyaları üçün Bakı standartlarının formalaşdırılması Azərbaycanın bu forumun qalıcı irsinin yaradılmasında iştirak etdiyini göstərir: "Yəni Azərbaycan təkcə tədbir keçirən ölkə deyil, qlobal şəhərsalma gündəliyinə yeni yanaşmalar gətirən təşəbbüskar tərəfdaş kimi çıxış edir". Deputatın fikrincə, WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, postmünaqişə reallıqlarının dünyaya çatdırılmasına və ölkəmizin dayanıqlı inkişaf, şəhərsalma və humanitar əməkdaşlıq istiqamətində mövqeyinin daha da güclənməsinə mühüm töhfə verib: "Bakı bir daha göstərdi ki, qlobal çağırışların müzakirə olunduğu etibarlı dialoq məkanlarından biridir".
Mənbə oxu.az

Oxşar Xəbərlər