Siyasət

Vasif Qafarov: "WUF13 Azərbaycanın geosiyasi və strateji mövqeyini gücləndirən mühüm siyasi platformadır"

22 May 2026, 21:48 2 baxış
Vasif Qafarov: "WUF13 Azərbaycanın geosiyasi və strateji mövqeyini gücləndirən mühüm siyasi platformadır"
"Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumu (WUF13) yalnız urbanizasiya və şəhərsalma məsələlərinə həsr olunmuş beynəlxalq tədbir deyil, həm də Azərbaycanın geosiyasi, diplomatik və strateji mövqeyini gücləndirən mühüm siyasi platforma kimi qiymətləndirilməlidir". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. O bildirib ki, 176 ölkədən 57 mindən çox iştirakçının qatıldığı forum miqyasına görə WUF tarixində ən böyük sessiya olmaqla yanaşı, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi ölkənin qlobal diplomatik çəkisinin artdığını nümayiş etdirib: "WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul olunduğunu və ölkənin təşkilati potensialına verilən yüksək beynəlxalq qiyməti ortaya qoydu. Forum çərçivəsində Azərbaycan qlobal əməkdaşlığa açıq, çoxtərəfli diplomatiyanı təşviq edən və beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilinə qadir dövlət kimi mövqeyini daha da gücləndirdi. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçirilən Liderlərin Sammiti forumun siyasi əhəmiyyətini daha da artırdı. 27 dövlət və hökumət başçısının iştirak etdiyi bu platforma Bakının artıq regional deyil, beynəlxalq siyasi dialoqun əsas mərkəzlərindən birinə çevrildiyini göstərdi. Liderlərin çıxışlarında Azərbaycana göstərilən təşəkkür və dəstək ölkənin beynəlxalq legitimliyinin gücləndiyini nümayiş etdirdi. Eyni zamanda, WUF daxilində yeni siyasi dialoq formatının formalaşdırılması Azərbaycanın beynəlxalq təşəbbüskar rolunu və müxtəlif siyasi qütbləri bir araya gətirmək imkanlarını ortaya qoydu". V.Qafarov vurğulayıb ki, forum çərçivəsində keçirilmiş Nazirlər görüşü də Azərbaycanın diplomatik uğurlarından biri kimi qiymətləndirilməlidir: "70-ə yaxın ölkənin təmsil olunduğu görüşün yekununda qəbul edilən "Sədrin xülasəsi" sənədində Prezident İlham Əliyevin liderliyinin xüsusi vurğulanması, Azərbaycanın qonaqpərvərliyinə təşəkkür ifadə olunması və postmünaqişə bərpa işlərinin yüksək qiymətləndirilməsi ölkənin beynəlxalq nüfuzunun artdığını göstərdi. Sənəddə Azərbaycanın təşəbbüsü ilə milli şəhərsalma forumlarının əhəmiyyəti və qabaqcıl təcrübələrin paylaşılması ideyasının dəstəklənməsi də ölkənin qlobal urbanizasiya gündəliyində fəal aktor kimi çıxış etdiyini təsdiqlədi. WUF13 Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma siyasətinin beynəlxalq auditoriyaya təqdim edilməsi baxımından da mühüm əhəmiyyət kəsb etdi. Azərbaycan urbisid, ekosid və kultursid faktlarını beynəlxalq ictimaiyyətə çatdırmaqla Ermənistan işğalının nəticələrinin qlobal səviyyədə tanınmasına nail oldu. Eyni zamanda, "Böyük Qayıdış" proqramı, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, yaşıl enerji və dayanıqlı infrastruktur siyasəti Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı inkişaf modelinin beynəlxalq nümunəyə çevrilməsinə xidmət etdi. Bu yanaşma gələcəkdə beynəlxalq investisiya və tərəfdaşlıqların cəlbi üçün də əlavə imkanlar yaradır". Müsahibimiz vurğulayıb ki, forum Azərbaycanın yumşaq güc potensialının genişləndirilməsi baxımından da mühüm nəticələr verdi: "Leyla Əliyevanın təşəbbüsü ilə keçirilmiş yüksəksəviyyəli forum və yekunda qəbul edilən "Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı" Azərbaycanın dayanıqlı inkişaf, yaşıl şəhərlər və ekoloji təhlükəsizlik sahələrində qlobal gündəliyə töhfə vermək niyyətini ortaya qoydu. Bakı Şəhər Mükafatının təsis olunması isə Azərbaycanın qlobal şəhərsalma gündəliyində institusional iz qoymaq və beynəlxalq urbanizasiya siyasətində uzunmüddətli rol oynamaq istəyinin göstəricisidir. WUF13 çərçivəsində tətbiq edilmiş innovativ təşkilati yanaşmaların gələcək forumlar üçün əməliyyat təlimatına çevrilməsi Azərbaycanın artıq beynəlxalq tədbirlərin təşkili sahəsində model ölkə kimi qəbul edilməyə başladığını göstərir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə "UN-Habitat" arasında imzalanmış Niyyət Məktubu Azərbaycanın təşkilati və institusional təcrübəsinin beynəlxalqlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, WUF13 Azərbaycanın dövlət maraqları baxımından çoxşaxəli strateji uğur kimi qiymətləndirilməlidir. Forum ölkənin beynəlxalq nüfuzunu gücləndirdi, çoxtərəfli diplomatiyada rolunu artırdı, Qarabağın bərpası siyasətinin beynəlxalq legitimliyini möhkəmləndirdi və Azərbaycanın qlobal urbanizasiya gündəliyində təsir imkanlarını genişləndirdi. Bakı bir daha sübut etdi ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal səviyyədə siyasi və diplomatik təşəbbüslər irəli sürən, beynəlxalq platformalar formalaşdıran dövlətə çevrilməkdədir".
Mənbə oxu.az

Oxşar Xəbərlər