Siyasət
Reddin: "Kanadada yüksək həyat standartlarından hamı eyni dərəcədə faydalanmır"
"Kanadada mövcud olan rifah və yüksək həyat standartlarına baxmayaraq, hamı bundan eyni dərəcədə faydalanmır". Oxu.Az xəbər verir ki, bunu Kanada hökumətinin Hökumətlərarası və xarici tərəfdaşlıq şöbəsinin baş direktoru Cheri Reddin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilmiş Yerli Xalqların Hüquqları üzrə Dəyirmi Masada deyib. O qeyd edib ki, Kanadadakı yerli xalqlar adekvat mənzil əldə etməkdə sistemli maneələrlə üzləşirlər: "Yerli xalqların pis yaşayış şəraitində yaşamaq ehtimalı 50% daha yüksəkdir və onlar yerli olmayan kanadalılarla müqayisədə altı dəfə daha çox evsizlik riski ilə qarşılaşırlar. Çox vaxt onlar həddindən artıq sıx məskunlaşma, təmir və yenilənməyə ehtiyacı olan evlər, yenilənməmiş su sistemləri, mənzil infrastrukturunda ciddi çatışmazlıqlarla üzləşirlər. Bu problemlər Kanadada yaşayışın bahalaşması, sərt iqlim, iqlim dəyişikliyinin təsirləri, uyğun torpaq və infrastruktur çatışmazlığı, yüksək tikinti xərcləri, uzaq və təcrid olunmuş bölgələrdə yerləşmə səbəbindən işçi qüvvəsi və materiallara məhdud çıxış, həmçinin mənzil və maliyyə sahəsində maneələr yaratmış tarixi dövlət siyasətləri ilə əlaqədardır". O bildirib ki, Kanada kontekstində "yerli xalqlar" dedikdə üç fərqli kontingent nəzərdə tutulur: "First Nations, Inuit və Metis xalqları. Bu xalqlar arasında, eləcə də Kanadanın müxtəlif bölgələrində onların öz daxilində böyük müxtəliflik mövcuddur. Onların fərqli mədəniyyətləri, ənənələri və qarşılaşdıqları fərqli çətinliklər var. Son 10 ildə hökumətimiz yerli xalqlarla münasibətləri prioritet hesab edir. Biz yerli xalqlarla "millətdən-millətə" formatında münasibətlərin inkişafına üstünlük veririk və barışıq ruhunda irəliləməyə, müstəmləkəçilik siyasətləri nəticəsində yaranmış tarixi ədalətsizlikləri aradan qaldırmağa çalışırıq. Son onillik ərzində bir sıra dəyişikliklərin şahidi olmuşuq".
Mənbə
oxu.az