Siyasət

Panama rəsmisi: "Azərbaycanın köçkünlərin qayıdışı ilə bağlı səyləri diqqətimizi çəkdi" - ÖZƏL

20 May 2026, 18:03 2 baxış
Panama rəsmisi: "Azərbaycanın köçkünlərin qayıdışı ilə bağlı səyləri diqqətimizi çəkdi" - ÖZƏL
"Panamanın əsas iqtisadi fəaliyyət sahələrindən biri sudur. Xüsusilə, Panama kanalından keçən gəmi hərəkətinin idarəolunması birbaşa su resurslarından asılıdır. Bununla belə, ölkə əhalisinin hamısını içməli su ilə təmin etməkdə hələ də çətinliklər yaşayırıq". Bu fikirləri Oxu.Az-a açıqlamasında Panamanın mənzil və ərazi planlaşdırılması naziri Xayme Xovane Kastilyo WUF13 çərçivəsində deyib. Nazirin sözlərinə görə, Panamanın bu tədbirdə iştirak etməkdə əsas məqsədi həm ölkəsinin təcrübəsini bölüşmək, həm də Azərbaycan və digər iştirakçı dövlətlərin təcrübəsini öyrənməkdir: "Azərbaycan çox gözəl ölkədir. Açılış mərasimində Prezidentin çıxışından yadda qalan əsas məqamlardan biri böhran dövrlərində öz yurdlarını tərk etməyə məcbur olmuş insanların yenidən həmin ərazilərə qayıtması üçün göstərilən səylər oldu. Bu, bizim üçün də çox vacib məsələdir. İstəyirik ki, ölkələrin regionlarında yerləşən icmalar yenidən formalaşsın, həmin ərazilər boş və tərk edilmiş torpaqlara çevrilməsin". X.Xovane vurğulayıb ki, Panamada əhalinin təxminən 50 faizi paytaxtda yaşayır və bu, urbanizasiya, infrastruktur və su təchizatı sahələrində ciddi problemlər yaradır: "Ərazi planlaşdırılması hidroqrafik hövzələr əsasında aparılmalıdır. Panamada çalışırıq ki, ərazi planlaşdırılması prosesinə çay hövzələri də daxil edilsin. Məqsəd bu hövzələrin qorunmasını və düzgün idarəolunmasını təmin etməkdir". Onun sözlərinə görə, cəmiyyətdə kollektiv məsuliyyət hissinin yenidən bərpası da xüsusi əhəmiyyət daşıyır: "İnsanlar birgə yaşamağı və onları yaşadan resursları qorumağı unudublar. Biz bu dəyərləri yenidən bərpa etməliyik. Su insan hüququdur, lakin içməli suyun əhaliyə çatdırılması həm də xammalın - yəni suyun keyfiyyəti və həcmindən asılı olan sənaye prosesidir. Əgər yeraltı su ehtiyatlarını və sutoplama hövzələrini qorumasaq, nə insanların içməli suya çıxışını, nə də qida təhlükəsizliyini təmin edə bilərik. Kənd təsərrüfatı və heyvandarlıq da su resurslarından birbaşa asılıdır. Bu səbəbdən istehsalçıların fəaliyyətini davam etdirməsi və əhalinin ərzaqla təmin olunması üçün su ehtiyatlarının qorunması həyati əhəmiyyət daşıyır".
Mənbə oxu.az

Oxşar Xəbərlər