Cəmiyyət
"AzParking" tətbiqində NİYƏ PROBLEM YARANIB?
Bakı və Sumqayıt şəhərlərində "AzParking" tətbiqində yaranan problem sürücülərin narazılığına səbəb olub. Oxu.Az-ın qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, son bir neçə gündür Bakı və Sumqayıt şəhərlərində yerləşən bəzi parklanma məntəqələrində tətbiq vasitəsilə ödəniş etmək mümkün deyil. Vətəndaşların sözlərinə görə, problem həm yeraltı, həm də yerüstü dayanacaqlarda müşahidə olunur. "İki gündən artıqdır sistemdə yaranan nasazlıq səbəbindən parklanma ödənişlərini həyata keçirə bilmirik", - deyə şikayətdə vurğulanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq "AzParking" MMC-dən bildirilib ki, bəzi xüsusi parklanma ərazilərində müasir sistemə keçid işləri həyata keçirilir. "Bu səbəbdən xidmət göstərdiyimiz avtodayanacaqlarda ödəniş prosesində müvəqqəti çətinliklər yarana bilər. Hazırda sürücülərə innovativ və rahat parkinq təcrübəsi təqdim etmək istiqamətində işlər aparılır. Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyir, təkmilləşdirmə işlərinin ən qısa müddətdə yekunlaşdırılması üçün çalışırıq. "Azadlıq Meydanı", "Mərkəzi Park", "Gənclik Avtopark"da bu proses artıq yekunlaşıb. Avtodayanacaqlar "Parkzone" sistemi ilə avtomatlaşdırılıb və çıxışda "AzParking" mobil tətbiqi ilə ödəniş imkanları təqdim edilib", - deyə açıqlamada bildirilir.
Mənbə
oxu.az