Dünya
Fransada supermarket soyuducularına kiberhücum edildi, tonlarla məhsul xarab oldu
Kiberhücum nəticəsində Fransada yerləşən supermarketlərin soyuducularında saxlanılan tonlarla ərzaq məhsulu yararsız vəziyyətə düşüb. Oxu.Az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Məlumata əsasən, kibercinayətkarlar soyuducu aparatların idarəetmə sistemlərinə məsafədən qoşula biliblər. Bunun nəticəsində milyonlarla avro dəyərində qida məhsulu korlanıb. Hakerlər Danimarkanın "Danfoss" şirkətinə məxsus bəzi soyuducularda temperaturu 50 dərəcəyə qədər artırmağa müvəffəq olublar. Bu hadisədən ən çox zərər çəkən "Intermarché" supermarketlər şəbəkəsi olub - kiberhücum sözügedən şəbəkənin təqribən 150 mağazasını əhatə edib. Eyni zamanda, hakerlər "Système U" şəbəkəsinin də avadanlıqlarına giriş əldə ediblər. Ən pis ssenaridə burada soyuq şəraitdə saxlanılmalı olan bütün ərzaqların utilizasiya edilməsi tələb oluna bilər. Yekunda hər bir satış nöqtəsi üzrə dəyən maddi zərərin miqdarının yüzminlərlə avro təşkil edəcəyi proqnozlaşdırılır.
Mənbə
oxu.az