Dünya
"Rusların arasına girdik, bizi ölümcül mühasirədən balıqçı xilas etdi" - Ukrayna cəbhəsindən dəhşətli xatirələr - FOTO
- Ən təhlükəsizi elə bu çaya qədərdir. Nə çəkirsiniz, burada çəkin, xahiş edirəm. Çayı keçmək təhlükəlidir... - Bu, Dneprdir? - deyə mən getdiyimiz maşında qabaqda oturan, yolboyu narahat görünən Oleksandr adlı hərbçinin sözünü kəsdim. - Yox. Bu, İnqules çayıdır. Kirovoy-Roq şəhəri ilə Xerson vilayətinin ortasından keçir. Amma mən cəbhə xəttinə gəlmişəm, heç olmasa çayın hər iki sahilinə qədər baş çəkərdik. Bilirəm ki, orada hələ də insanlar yaşayırlar... Hörmətli jurnalist, siz bir-iki kadr çəkəcəksiniz deyə, mən ömrümün qalanını hərbi məhkəmələrdə çürüdə bilmərəm. Biz sizin həyatınıza cavabdehik. Buralar isə hər saat diversiya toqquşmaları ilə dolub-daşır... Getdikcə dilxor olurdum. Bilirdim ki, İnqulesin o tərəfi - bütün Xerson vilayəti tamamilə Rusiya ordusunun nəzarətindədir. 2022-ci ilin avqust ayı olmasına baxmayaraq, artıq altıncı ay idi ki, bütün Xerson vilayətinə nəzarət edən Rusiya ordusu Krivoy-Roqa da keçməyə cəhd edirdi. Çünki şəhəri daimi atəş altında saxlayırdı. Sanki Krivoy-Roq da onlar üçün vacib hədəf idi. Yeri gəlmişkən, Ukrayna Prezidenti Volodimir Zelenski bu şəhərdəndir, burada böyüyüb. Məni müşayiət edən hərbçilərin ciddi narahatlığına baxmayaraq, çayı keçmək istəyirdim. Həm də bizə yaxın körpülər partladılmamışdı. Çünki mümkün qədər özəl, mümkün qədər real səhnələr çəkməliydim. Başqa əlacım yox idi... Mən çox israr etdikcə Oleksandr özündən çıxırdı. Axırda susdum və daha israr etmədim. Çayın bu sahilindəki Ukrayna ordusuna məxsus kolluqlar arasındakı post-məntəqəyə çatdıq. Maşından düşəndə Oleksandrdan fərqli olaraq, sükan arxasından düşən hərbçi Denis əlimi çiynimə qoyub: - Məyus olma. Bir şey fikirləşərik, - deyib göz vurdu. İnqules çayı Ukraynanın cənubunda strateji əhəmiyyət daşısa da, eni çox böyük deyildi. Xerson vasitəsilə Krımdan keçərək Qara dənizə çıxır. Çayın kənarında, qayalığın altında, ətrafı kolluq olan hərbi məntəqə yerləşirdi. Burada 10-15 hərbçi vardı. Belə başa düşdüm ki, onlar çayın əks sahilindən gələn diversiya hücumlarının qarşısını almaq üçün yerləşdiriliblər və eyni zamanda özləri də qarşı tərəfə diversiya həmlələri həyata keçirirlər. Hava çox isti idi. Xüsusilə, avqust ayında Ukraynanın cənubu, Qara dəniz, Dnepr və İnqules çayları hövzəsi ağır istilərlə müşahidə olunur. Ətrafda səmanı oda bürüyən ardıcıl artilleriya döyüşləri də havanı daha da ağırlaşdırırdı. Üstəlik, səkkiz kiloqramlıq zirehli jileti də əynimdə daşımalı idim. Nəfəs almaq olmurdu. Kolluğun arxasında maşını gizlədib gələn Denisdən su istədim. Məni eşidən hərbçilərdən biri səngərin dərinliyindən bir yeşik su gətirdi. Butulkalardan birini açıb birnəfəsə sona qədər içdim... Denis yerdəki komandirlə danışdı. Daha sonra birlikdə məndən yazılı şəkildə "təhlükəsizliyimlə bağlı əks sahildə baş verə biləcək hadisələrə görə müstəqil israrımla məsuliyyəti öz üzərimə götürürəm" məzmununda imza aldılar və sonra razılaşdılar. Çünki çox israr edirdim ki, daha dərinə gedək, daha doğrusu əks sahilə keçək və daha qaynar səhnələr çəkə bilim... Bir az sərinləyəndən və buradakı hərbçilərin Azərbaycanla, Qarabağla bağlı suallarını cavablandırandan sonra Denislə birlikdə maşına minib yola davam etdik. Sol sahilə buradan bir neçə kilometr şərqdə yerləşən daha sakit nöqtədən keçmək olardı. Çünki orada yaşayış məntəqələri daha çox idi. Belə yerlərdə hücum riski də az olurdu. Bu da mənə daha sərfəli idi. Fürsətdən istifadə edib əhalidən də görüntülər çəkə bilərdim. Amma ora gedən yol boyunca adı yaşayış məntəqəsi olan yerlərdə xarabalıqlardan və vurulmuş hərbi texnikalardan başqa gözə heç nə dəymirdi. Nəhayət, həmin yerə çatıb körpünü tapdıq. Körpü nazik idi. Denisin yeganə xahişi bu oldu ki, körpünü və ətrafı çəkməyim. Xoşbəxtlikdən ətraf sakit idi. Amma Denisin sözlərinə görə, cəmi bir neçə saat əvvəl, günortaya qədər burada ağır döyüşlər gedib. Havadan sözün həqiqi mənasında barıt qoxusu gəlirdi. Körpüyə çatanda Denis sürəti artırdı. Məqsəd diversiya snayperlərinin hədəfinə çevrilməmək idi. Sürətə baxmayaraq, ətrafı çəkməsəm də diqqətlə izləyirdim. Çünki belə yerlərə düşmək hər jurnalistə nəsib olmur. 100-150 metrlik körpünü keçərkən bir qoca balıqçı gördüm. Balıq tuturdu. Yəqin yaxın kəndlərdən idi. Çünki Denis deyirdi ki, kəndlər xarabalığa çevrilsə də, yaşlı sakinlərdən bəziləri hələ də oranı tərk etməyib. Əks tərəfə keçib xeyli irəlilədik. Yol boyu çəkilişlər edirdim. Amma təəssüf ki, sakin tapa bilmədim. Daha doğrusu, dağıdılmış evlərdən heç kim bayıra çıxmırdı. Dağıntıların arasından keçib çayboyu irəliləyirdik. Bu zaman maşına quraşdırılmış xüsusi "Wi-Fi" vasitəsilə internet də kəsildi. Hətta Denisin xüsusi naviqasiyası belə işləmədi. Əvvəlcə bunu müvəqqəti şəbəkə problemi hesab edib bir-iki kilometr də təxmini istiqamətdə irəlilədik. Birdən Denis qəfil əyləcə basdı: - Deyəsən azmışıq... Tez ol, düş maşından! - deyib özü düşdü. Mən də ardınca endim. İrəli tərəfdə kolluqlar vardı və onların arasından keçən yararsız yol davam edirdi. Yolun çoxdan istifadə olunmadığı hiss olunurdu. Denis məni çəkib bir neçə metr irəlidəki çuxura saldı. Sonra turbini çıxarıb açıqlığa baxdı və asta səslə söyündü: - Deyəsən rusların arasına girmişik. Kazarmaları bir kilometr məsafədədir. Adətən irəli postlar kazarmadan iki və daha çox kilometr aralı olur. Biz isə gəlib düz içlərinə düşmüşük, - deyib turbini çantasına qoydu və məni təlimatlandırmağa başladı: - Xahiş edirəm, panika yox, qorxu yox... Bir də bizi tutsalar, çəkinmədən jurnalist olduğunu de. Bizimlə bağlı nə soruşsalar, nə bilirsənsə danış. Onsuz da gördüklərinin elə ciddi əhəmiyyəti yoxdur. Əsas məsələ sənin sağ qalmağındır. İkinci xahişim isə budur: bu barədə efirdə heç nə demə. Çünki bu mənim üçün hərbi məhkəmə ilə nəticələnə bilər. Gələcəkdə nə istəsən yazarsan... - deyib sakitcə maşına tərəf getdi. Maşında nə iləsə məşğul olduqdan sonra məni çağırdı. Oturduq və avtomobilin səssiz mühərriki ilə geriyə doğru hərəkət etməyə başladıq. Bir neçə kilometr səssiz yol getdik. Xoşbəxtlikdən heç kimə rast gəlmədik. Amma geri daha bir kilometr gələndən sonra yol iki istiqamətə ayrıldı. Hansı yolun gəldiyimiz istiqamət olduğunu müəyyənləşdirmək çətin idi. Denis turbini ilə çox əlləşdi, amma tapa bilmirdi. Ətraf da tamamilə dağıldığından düzənliyə çevrilmişdi və xəritə ilə uyğun gəlmirdi. Bu zaman yol kənarında irəliləyən yaşlı kişi gözümüzə dəydi. Denis dərhal silahına əl atıb onu nişan aldı. Amma mən kişini dərhal tanıdım. Bu, çayın kənarında rastlaşdığımız həmin balıqçı idi. Denisi saxlayıb bunu ona dedim. Gözlədik, kişi gəlib çatdı. Tanış olduq. Təxminən 60-65 yaşı olardı. Buradakı dağılmış kəndlərdən birində yaşayırdı. Dedi ki, özü və həyat yoldaşı kəndi tərk etməyiblər. Bir qədər söhbət etdik. Ona vəziyyətimizi anlatmadıq. Amma onun göstərdiyi istiqamət sayəsində yolu tapıb davam etdik... Bir kilometrdən çox yol getdikdən sonra keçdiyimiz körpüyə çatdıq. Körpünü keçəndən sonra bayaqdan susan Denis dərindən nəfəs alıb dedi: - Səninlə İnqulesi keçmək həyatımın ən böyük sərhədini keçmək oldu, Mübariz... Mübariz Aslanov
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az