Dünya
Texasda "Netflix" qalmaqalı: Baş prokuror platformanı casusluqda ittiham edir
Texas ştatının baş prokuroru Ken Pakston "Netflix" striminq xidmətinə qarşı məhkəmə iddiası qaldırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Time" nəşri məlumat yayıb. ABŞ Senatına namizədliyini irəli sürən dövlət rəsmisi platformanı insanların, o cümlədən uşaqların şəxsi məlumatlarını xəbərsiz və icazəsiz toplamaqda günahlandırıb. "Siz "Netflix"ə baxarkən, o da sizi izləyir", - deyə mayın 11-də təqdim edilən şikayət ərizəsində qeyd olunub. Məhkəmə sənədlərində bildirilir ki, xidmət "qaranlıq şablonlar" (məsələn, avtomatik oxutma kimi manipulyativ interfeyslər) tətbiq edir. İttiham tərəfinin fikrincə, bu cür üsullar izləyiciləri ekran qarşısında daha çox saxlamağa və maksimum səviyyədə məlumat yığmağa şərait yaradır. Pakston məhkəmə vasitəsilə "Netflix"in Texas sakinlərinin məlumatlarını toplamasına, satmasına, ötürməsinə və istifadəsinə müvəqqəti qadağa qoyulmasını, habelə indiyədək yığılmış bütün informasiyaların silinməsini tələb edir. Baş prokuror hər bir hüquq pozuntusuna görə 10 min dollara qədər cərimə ödənilməsini istəyir. Şirkət nümayəndələri isə ittihamlara belə cavab veriblər: "Böyük Texas ştatına və baş prokuror Pakstona olan bütün hörmətimizlə bildiririk ki, bu iddia əsassızdır, həmçinin təhrif olunmuş və qeyri-dəqiq məlumatlara əsaslanır. "Netflix" istifadəçilərinin məxfiliyinə böyük ciddiyyətlə yanaşır, fəaliyyət göstərdiyimiz bütün ölkələrdə informasiya təhlükəsizliyi və məxfilik qanunlarına tam riayət edir".
Mənbə
oxu.az