Şou biznes
"Dostlar" serialının mərhum ulduzuna ketamin verən şəxs azadlıqdan məhrum edildi
"Dostlar" serialının mərhum ulduzu Metyu Perriyə ketamin əldə etməkdə kömək edən məsləhətçi azadlıqdan məhrum edilib. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb. Lisenziyalı məsləhətçi Erik Fleminq iki il müddətinə həbs cəzası alıb. O, 2024-cü ildə ketaminin yayılması və insan ölümü ilə nəticələnən bu maddənin paylanması məqsədilə əlbir olmaqda təqsirini etiraf edib. "Mən hələ də buna inana bilmirəm. Bu, heç cür oyana bilmədiyim bir kabusdur", - deyə Fleminq məhkəmə zalında bildirib. Qeyd olunub ki, Erik Fleminq Metyu Perrinin ölümü ilə bağlı ittiham irəli sürülən beş nəfərdən dördüncüsüdür. Xatırladaq ki, "Dostlar" serialının ulduzu Metyu Perri 2023-cü il oktyabrın sonunda 54 yaşında vəfat edib. O, Los-Ancelesdəki evində ölü tapılıb. Həmin ilin dekabrında "The New York Times" qəzeti aktyorun ölüm səbəbinin ketamin adlı narkotik maddənin kəskin təsiri olduğunu yazmışdı.
Mənbə
oxu.az