Digər

Keçəçiliyin ixrac potensialı

06 May 2026, 14:04 1 baxış
Keçəçiliyin ixrac potensialı
Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgilərində iştirak edən Bakı Abadlıq Xidmətinin təklif etdiyi yeni konsept maraqla qarşılanıb. İşğaldan azad olunmuş bölgələrin kənd təsərrüfatına ayrılan guşədə şirkətin Laçında yaratdığı "Zerti" Aqro-Sənaye Parkı öz müəssisələri ilə təmsil olunub. Stendin əsas ideyası 8-10 min il əvvələ gedib çıxan keçəçilik sənətinin təsərrüfatda, istehsalatda, incəsənətdə və məişətdə tətbiqinin geniş spektri üzərində qurulub. Məlumdur ki, türk etnosunun yaşadığı geniş ərazilərdə keçəçilik həyatın ayrılmaz hissəsi olub. Azərbaycanda bu sənət xüsusilə Laçın və Kəlbəcərdə geniş yayılıb. Laçın şəhərini bərpa edən Bakı Abadlıq Xidmətinin 2023-cü ildə "Zerti" Aqro-Sənaye Parkında açdığı seleksiya mərkəzi bu sahənin inkişafı üçün zəmin yaradır. Yüksəkkeyfiyyətli keçənin istehsalında istifadə olunan xammal xaricdən gətirilmiş merinos və koridayl (corriedale) cinsli qoyunların, həmçinin kaşmir və anqor keçilərinin yunundan əldə olunur. Sərgidə əl əməyini asanlaşdıran müasir avadanlıqlar və keçədən hazırlanmış nümunələr - ayaqqabılar, şallar, panolar xüsusi yer alıb. Bakı Abadlıq Xidmətinin təqdim etdiyi və mütəxəssislərin ən çox marağını çəkən məhsul isə keçədən hazırlanmış mulça örtüyüdür. Bu örtük bitkiçiliyin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, yay mövsümündə suvarma ehtiyacını azaldır, torpağı eroziyadan qoruyur, alaq otlarının qarşısını alır, 100 faiz ekoloji məhsuldur. Mütəxəssislərin rəyincə, yararsız tullantı hesab olunan tonlarla yunun mulça örtüyü kimi təbii gübrə istehsalına yönəldilməsi diqqətəlayiq fikirdir. Texnoloji cəhətdən istehsalı mürəkkəb olmayan bu sahənin faydaları çoxdur. Heyvandarlığın inkişaf etdiyi bölgələrdə keçəçiliyin dirçəldilməsi məşğulluq baxımından yeni imkanlar yaradır, eyni zamanda məhsul eksport potensialına malikdir. Keçəçilik "Kitabi Dədə Qorqud"dan gələn tarixi yaddaşımıza bağlı sənətdir. Əcdadlarımız keçədən istiliyi saxlayan, soyuğa və yağışa davamlı alaçıqlar və çadırlar qurardılar. Keçə o qədər möhkəm material olub ki, qədim dövrlərdə zireh altlığı kimi də istifadə edilib. Bundan əlavə, keçədən bolluq və bərəkət rəmzi hesab olunan qoruyucu aksesuarlar hazırlanıb. Bu gün isə ənənəvi keçə sənəti dizayn və moda sahəsində yenidən trendə çevrilərək populyarlıq qazanır. Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi mayın 8-dək davam edəcək. Bakı Abadlıq Xidmətinin stendində Laçında istehsal olunan orqanik qida və fabrik məhsulları ilə də tanış ola bilərsiniz.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər