Kriminal
Kütləvi davada iki nəfəri öldürənlərə ağır cəza verildi
Bakıda iki dostu - Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirilməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovun barələrindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Oxu Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub: Nurani Məmmədov 17 il, Ramin Quliyev 5 il, Tural Məmmədov 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Nurani Məmmədova qarşı irəli sürülmüş 120.2.2-ci və 120.2.7 maddələri ittihamdan xaric edilib. Ramin Quliyevə qarşı irəli sürülmüş 32.4, 120.2.2-ci və 32.4, 120.2.7-ci maddələri üzrə isə bəraət verilib. Yunis Rəhimov 3 il, Sərxan Şahbazov isə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Xatırladaq ki, prokuror məhkəmədən Yunis Rəhimovun 3 il azadlıqdan məhrum edilməklə məhkəmə zalında həbs olunmasını, Nurani Məmmədovun ömürlük, Ramin Quliyevin 20 il, Tural Məmmədovun 20 il, Sərxan Şahbazovun isə 3 il müddətə həbsini istəmişdi. Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. İstintaq araşdırması zamanı məlum olub ki, paytaxt sakinləri olan Şahin Bayramov və Fərid Əlirzayev kütləvi dava zamanı qətlə yetiriblər. Hadisəni törətməkdə təqsirli bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham irəli sürülüb. Onu da qeyd edək ki, cinayət işinin məhkəmə istintaqı daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin icraatında olub. Hakim 2025-ci ilin mayında dünyasını dəyişdiyi üçün cinayət işinin araşdırılması hakim Aygün Qurbanovanın sədrliyi ilə olan heyətin icraatına verilib. Elgün Həsənli
Mənbə
oxu.az
Oxşar Xəbərlər