Dünya

Malinin ən böyük hərbi bazasında partlayış və atışma olub

25 Apr 2026, 16:12 1 baxış
Malinin ən böyük hərbi bazasında partlayış və atışma olub
Aprelin 25-də səhər saatlarında Malinin paytaxtı Bamako yaxınlığındakı Kati adlı ən iri hərbi bazada partlayış və atışma səsləri qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə şahidlərin sözlərinə əsaslanaraq "Reuters" agentliyi məlumat paylaşıb. Məlumata əsasən, hərbi bazaya gedən yollar təhlükəsizlik qüvvələri tərəfindən bloklanıb. Ölkə başçısı Assimi Qoytanın və digər yüksəkvəzifəli şəxslərin iqamətgahlarının mövcud olduğu Katidəki insidentin təfərrüatı hələ aydınlaşmayıb. RFI radiokanalının yaydığı məlumata görə, silah səsləri ölkənin başqa bölgələrində də eşidilib. Hadisələr xüsusilə radikal qruplaşmaların aktiv olduğu şimaldakı Kidal və Qoa şəhərləri ilə yanaşı, mərkəzdəki Sevare bölgəsində də müşahidə edilib. Atışmaların səbəbləri və ehtimal olunan itkilərlə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib. Xatırladaq ki, Malidə 2020-ci ilin yay aylarından etibarən iki dəfə hərbi çevriliş yaşanıb. 2021-ci ilin mayında ölkənin Konstitusiya Məhkəməsinin qərarına əsasən, polkovnik Qoyta keçid dövrü üçün dövlət başçısı postuna təyin olunub. Parlament səlahiyyətlərini icra edən Mali Milli Keçid Şurası isə Qoytanın ən azı 2030-cu ilədək ölkəyə rəhbərlik etməsini və gələcəkdə yenidən seçilmək hüququnu təsdiqləyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər