Dünya
Tokioda enerji qənaəti üçün işçilərə QƏRİBƏ TÖVSİYƏ
Yaponiyanın paytaxtı Tokioda sakinlərə ofislərdə elektrik enerjisinin istehlakını azaltmaq məqsədilə klassik iş geyimlərindən imtina edib daha yüngül gündəlik geyimlərə, o cümlədən şortlara üstünlük vermək tövsiyə olunub. Oxu.Az BFM TV-yə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Yuriko Koike bildirib. "Rahat geyimlər - polo köynəklər, futbolkalar və idman ayaqqabıları, həmçinin peşə fəaliyyətindən asılı olaraq şortlar geyinməyə çağırırıq", - deyə Koike qeyd edib. Bu çağırış Yaponiyanın Ətraf Mühit Nazirliyi tərəfindən 2005-ci ildə başladılan "Cool Biz" çərçivəsində edilib. ABŞ və İsrailin İrana qarşı əməliyyatından sonra ölkədə yaranan enerji daşıyıcıları çatışmazlığı fonunda təşəbbüs yenilənərək daha geniş tətbiq olunmağa başlayıb. Apreldən etibarən şirkətlərə əməkdaşlara şort geyinməyə icazə vermək, daha çox məsafədən işləmək və iş gününə daha tez başlamaq tövsiyə edilib. BMT-nin hesabatına görə, Asiya-Sakit okean regionu İrandakı müharibə səbəbindən 300 milyard dollara qədər iqtisadi itki ilə üzləşə bilər. Ən böyük itkilər Cənubi Asiyanın payına düşür - 183 milyard dollardan çox, Şərqi Asiyada isə bu rəqəm 108 milyard dolları keçir ki, bu da ÜDM-in təxminən 0.4% azalmasına bərabərdir.
Mənbə
oxu.az