Şou biznes
Rusiyalı reper Timatiyə qarşı sanksiya tətbiq edildi
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 20-ci sanksiya paketinə rusiyalı reper Timatini də (Timur Yunusov) daxil edib. Oxu.Az xəbər verir ki, bu barədə Aİ Şurasının saytında dərc olunmuş press-relizdə deyilir. Sanksiyalara səbəb kimi reperin Ukraynadakı hərbi əməliyyatları və Krımın Rusiyaya ilhaqını dəstəkləməsi, həmçinin Rusiya Prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyasında iştirakı göstərilib. Sanksiya siyahısına həmçinin aşağıdakı şəxslər də düşüb: Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi Aleksey Rtişev, Ermitajın direktoru Mixail Piotrovski, Rusiya mədəniyyət nazirinin birinci müavini Sergey Obrıvalin. Bundan əlavə, Aİ 20-ci sanksiya paketinə dörd rusiyalı jurnalisti də daxil edib. Sənəddə onlar "təbliğatçılar" adlandırılıb. Qeyd olunur ki, məhdudiyyətlərə məruz qalan jurnalistlər Aİ ərazisində fəaliyyətlərini davam etdirmək imkanını saxlayırlar.
Mənbə
oxu.az