Dünya
KİV: Madyar Ukraynaya silah tədarükünə qarşıdır
Macarıstanda keçirilən parlament seçkisində qələbə qazanmış müxalif "Tisa" partiyasının rəhbəri Peter Madyar Ukraynaya silah verilməsinin və bu ölkənin Avropa İttifaqında (Aİ) tezləşdirilmiş şəkildə qəbul edilməsinin əleyhinədir. Bu barədə Oxu.Az "Politico" nəşrinə istinadən məlumat yayır. "Madyar Kiyevə Macarıstan silahlarının və ya maliyyə vəsaitlərinin göndərilməsinə, eləcə də Ukraynanın Aİ-yə sürətləndirilmiş inteqrasiyasına qarşı çıxır", - deyə məqalədə bildirilir. Nəşrin məlumatına əsasən, Madyar bu məsələləri ümumxalq səsverməsinə - referenduma çıxaracağına söz verib. Siyasətçi, həmçinin Brüssel ilə müsbət əlaqələri qorumaq niyyətindədir və böyük ehtimalla, Kiyev üçün nəzərdə tutulan 90 milyard avro məbləğində kreditin bloklanmasını ləğv edəcək. Xatırladaq ki, ötən gün Macarıstanda parlament seçkisi keçirilib. Səsvermə saat 06:00-da başlayıb və 19:00-da başa çatıb. Seçici fəallığı rekord səviyyəyə - 77.8%-ə çatıb. Ümumilikdə Macarıstanda 8 milyondan çox vətəndaş səsvermə hüququna malikdir. Baş nazir Viktor Orban açıqlama verərək, parlament seçkisində məğlub olduqlarını açıqlayıb.
Mənbə
oxu.az