Dünya
Hörmüz boğazının blokadası neftin qiymətini 150 dollara çatdıra bilər
"ABŞ silahlı qüvvələrinin Hörmüz boğazını blokadaya alması neftin bir barelinin qiymətinin 150 dollara qədər yüksəlməsi ilə nəticələnə bilər". Oxu.Az xəbər verir ki, bu barədə "Onyx Capital Group" şirkətinin icraçı direktoru Xorxe Montepeke "Bloomberg"ə açıqlamasında bildirib. Onun sözlərinə görə "Brent" markalı xam neftin hazırkı dəyəri (təqribən 103 dollar) ehtimal edilən dəniz mühasirəsinin yarada biləcəyi həqiqi təhlükələri özündə əks etdirmir. "Bu rəqəm 140 və ya 150 dollar səviyyəsində olmalıdır", - deyə o bildirib. Montepeke diqqətə çatdırıb ki, İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmiləri əhatə edəcək belə bir məhdudiyyət yerli miqyaslı münaqişəni dünya səviyyəli böhrana çevirmək gücündədir. Onun hesablamalarına əsasən, gündəlik 12 milyon barelə qədər neft tədarükü risk altına düşə bilər ki, bu da qlobal təminatın çox böyük bir qismini təşkil edir: "Bir sözlə, bu, tam bir ağılsızlıqdır. Birləşmiş Ştatların atdığı addımların heç bir məntiqi yoxdur, çünki onlar İrana o qədər diqqət yetiriblər ki, bunun bütün dünya üçün yaradacağı fəsadlarını unudublar. Bundan Asiya da, Cənubi Sakit okean hövzəsi də, ümumiyyətlə neft alışından asılı olan hər kəs zərər görür".
Mənbə
oxu.az