Dünya

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

12 Apr 2026, 23:45 1 baxış
Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi
İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi katibi, general-mayor Roman Hofman "Mossad" kəşfiyyat xidmətinin direktoru vəzifəsinə təsdiqlənib. Oxu.Az xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanası məlumat yayıb. Aprelin 12-də R.Hofmanın namizədliyi yüksək vəzifələrə təyinatlar üzrə məsləhət komitəsi tərəfindən təsdiqlənib. Bundan sonra Netanyahu onun "Mossad" rəhbəri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Hofman 2026-cı il iyunun 2-dən vəzifəsinin icrasına başlayacaq. Qeyd olunub ki, Netanyahu bu təyinat barədə 2025-ci ilin dekabrında məlumat verib və müxtəlif namizədlərlə keçirilən müsahibələrdən sonra Hofmanı "ən layiqli və uyğun namizəd" hesab edib. O bu vəzifədə səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatan David Barneanı əvəz edəcək. Roman Hofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə ailəsi ilə birlikdə İsrailə köçüb. 1995-ci ildə tank qoşunlarında xidmətə başlayıb, daha sonra zabit kurslarını bitirib və müxtəlif hərbi bölmələrə, o cümlədən diviziyaya rəhbərlik edib. 2022-ci ildə Quru Qoşunlarının Milli Təlim Mərkəzinin rəhbəri, 2024-cü ilin mayında isə Netanyahunun hərbi katibi vəzifəsində çalışıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər