Dünya
ABŞ İran aktivlərinin dondurulması qərarını ləğv etməyə razılaşıb
ABŞ İran aktivlərinin dondurulması qərarını ləğv etməyə razılaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, söhbət Qətər də daxil olmaqla, xarici banklarda dondurulmuş vəsaitlərdən gedir. Qeyd olunur ki, rəsmi Tehran bu addımı Vaşinqtonla mümkün uzunmüddətli razılaşmaya doğru xoşməramlı jest kimi qiymətləndirir. Məsələ ilə bağlı ABŞ-dən hələlik rəsmi təsdiq alınmayıb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Mənbə
oxu.az