Şou biznes
Məşhur "Qulluqçu" romanının sirli müəllifi kimliyini açıqladı
Sidni Suini və Amanda Seyfridin baş rolları ifa etdiyi "Qulluqçu" filminə ilham verən ədəbi əsərin müəllifi əsl adını ictimaiyyətə açıqlayıb. Məlum olub ki, illərdir Frida Makfadden təxəllüsü ilə fəaliyyət göstərən şəxs əslində Sara Koen adlı qadındır. xəbər verir ki, bu barədə "Deadline" nəşri xəbər yayıb. 45 yaşlı Sara Koen kəllə-beyin travmaları sahəsində ixtisaslaşan peşəkar həkimdir. O, ilk dəfə 2013-cü ildə "Şeytan tibb işçisi forması geyinir" adlı romanını təqdim edib. Yazıçıya əsas populyarlığı 2022-ci ildə işıq üzü görən və eyniadlı trillerin ssenarisi üçün baza rolunu oynayan "Qulluqçu" əsəri qazandırıb. Koen 2023 və 2024-cü illərdə əsərin davam hissələrini də oxuculara təqdim edib. Əsərlərini gizli adla qələmə alan müəllif, uydurma adın arxasında üç fərqli kişi yazıçının olduğuna dair gəzən şayiələrdən yorulduğu üçün həqiqəti etiraf etmək qərarına gəlib. Sara Koen kimliyini gizli saxlamaq səbəbini belə izah edib: "Mənim əsas hədəfim tibb sahəsindəki işimdən ayrılmağa hazır olana qədər bu faktı gizli saxlamaq idi. İstəmirdim ki, iş yoldaşlarım bunu qəfil öyrənsinlər və bu hal mənim peşəkar fəaliyyətimi riskə atsın. Artıq işimdən çıxmışam. Hazırda ayda sadəcə bir-iki dəfə növbəyə gedirəm". Rejissor Pol Fiqin lentə aldığı "Qulluqçu" filmi tamaşaçılara 2025-ci ildə təqdim olunub. Ekran işi 35 milyon dollarlıq büdcə qarşılığında 399 milyon dollar kassa yığımı əldə edərək böyük uğur qazanıb. Filmin ikinci hissəsinin premyerasının isə 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Mənbə
oxu.az