Dünya
Müharibə başlayandan bəri ilk dəfə Fransa gəmisi Hörmüz boğazından keçib
Fransaya məxsus konteyner daşıyan gəmi Hörmüz boğazından keçib. Bu, İranda müharibənin başlamasından bəri bağlanmış həyati əhəmiyyətli su yolu ilə Qərbi Avropaya məxsus gəminin ilk keçidi olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" nəşri öz mənbələrinə istinadən məlumat verib. "CMA CGM Kribi" gəmisi aprelin 2-də günorta vaxtı Dubaydan İran istiqamətinə yola çıxıb və Fransaya məxsus olduğuna dair siqnal verib. Gəmi İran sahilləri boyunca Keşm və Larak adaları arasındakı kanal üzərindən hərəkət edib və marşrutunu yayımlayıb. Aprelin 3-də səhər ekipaj sərhədi keçdiyini və Maskat sahillərində olduğunu bildirib. Xatırladaq ki, ABŞ və İsrailin İrana zərbəsindən sonra Hörmüz boğazında hərəkət, demək olar ki, dayanıb. Hazırda sistem formalaşdırılır ki, buna əsasən İran gəmilərin keçidini əvvəlcədən təsdiqləyəcək. Eyni zamanda, İran müttəfiq ölkələrdən gələn gəmilərin keçidinə mane olmur. ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi Hörmüz boğazından keçən gəmilər üçün təhlükəsizliyi təmin etmək məcburiyyətində deyil.
Mənbə
oxu.az