İdman

Qurbanov Zubirin gedişindən danışdı: Vida matçı...

18 Aug 2026, 00:53 1 baxış
Qurbanov Zubirin gedişindən danışdı: Vida matçı...

Vida matçı təklif etmədik, məsələ bir neçə günün içində həll olundu. Ümumiyyətlə, indiyədək heç bir futbolçumuza vida oyunu keçirməmişik. Həm hazırda vaxtımız yoxdur, həm də klubda belə bir ənənə formalaşmayıb.


Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Abdullah Zubirin gedişindən danışarkən deyib.


“Komandamızda 10–15 il çıxış edən, buna layiq olan xeyli oyunçu olub, gələcəkdə nəzərdən keçirə bilərik. Zubir özü çox sadə, ədəbli-əxlaqlı bir insandır. Belə bir matçının təşkil olunub-olunmaması onun üçün birinci dərəcəli məsələ deyil. O, “Qarabağ”dakı iş və həyat tərzini hər zaman yüksək qiymətləndirib, futbolundan həzz alıb. Bu da onun üçün kifayətdir.


Komandamızda belə ayrılıqlar çox olub. Bütün futbolçuların müəyyən karyera ömrü var, amma Zubir kimi oyunçular hər məşqçiyə nəsib olmur. O, komandada bir dəfə də olsun məşq buraxmadı, nizam-intizamı pozmadı. Təkcə zədə və ya xüsusi səbəblərdən bir neçə matçı qaçırıb. Həm meydanda, həm də geyinmə otağında sağlam atmosfer yaradırdı, işini saat kimi dəqiq görürdü. İstərdim ki, belə oyunçularımızın sayı çox olsun. Hücum xəttində axtarışlarımızı davam etdiririk. Təkcə onun mövqeyinə yox, ümumilikdə bütün xətlər üzrə yeni futbolçular nəzərdən keçiririk. Məhz Zubirin eynisi olmayacaq, fərqli keyfiyyətlərə malik futbolçu gətirib onun üstünlüklərindən yararlanacağıq. O, “Qarabağ”a çox fayda verən və məşqçi kimi mənim oyun fəlsəfəmə tam uyğun gələn bir oyunçu idi”, - Q.Qurbanov qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər