Kriminal
97 yaşlı sərnişinin olduğu avtomobil qəzaya düşdü: Yaralılar var
Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hərəkətdə olan "Mazda" və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hadisə zamanı xəsarət alan şəxslər - "Mazda"nın sürücüsü, Zaqatala rayon sakini, 34 yaşlı Nərgiz Nuriyeva, həmin avtomobildə olan sərnişin, 97 yaşlı Səadət Şabanova və VAZ-2107-nin sürücüsü, Balakən rayon sakini, 19 yaşlı Dahil Rəcəbovdur. Yaralılardan N.Nuriyeva və D.Rəcəbovun vəziyyəti qənaətbəxş, 97 yaşlı S.Şabanovanın vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az