Dünya
İran uzunmüddətli müharibəyə hazırlaşır: Strategiyaya yenidən baxılır
İran uzunmüddətli müharibəyə hazırlaşır və ABŞ ilə İsrailin gələcəkdə zərbələri bərpa etməyəcəyinə dair zəmanətlərdə israr edir. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Financial Times" (FT) qəzeti İran mənbələrinə istinadən məlumat verib. Bildirilir ki, İran hakimiyyəti münaqişəni ekzistensial təhlükə kimi nəzərdən keçirir və möhkəm təhlükəsizlik zəmanətləri və sanksiyaların yumşaldılması olmadan hərbi əməliyyatları dayandırmağa hazır deyil. İran hakimiyyəti hesab edir ki, belə şərtlər olmadan hansısa razılığa gəlmək hücumların yenidən başlamasına səbəb ola bilər. Mənbələrin qeyd etdiyinə görə, Tehran rəqibləri üçün mümkün gələcək zərbələrin dəyərini artırmağa çalışaraq, uzunmüddətli qarşıdurma strategiyasına "stavka" edir. Qəzet, həmçinin iddia edir ki, eyni zamanda, ölkə münaqişənin uzun müddət davam etməsi ehtimalını da nəzərdə saxlayır. Qeyd edək ki, ABŞ daha əvvəl hərbi əməliyyatlara son qoymağa hazır olduğunu bəyan etmişdi, lakin ekspertlərin vurğuladığına görə, münaqişənin bitməsi təkcə Vaşinqtonun mövqeyindən deyil, həm də Tehranın israr etdiyi şərtlərdən də asılı olacaq. FT mənbələri, həmçinin bildirirlər ki, hətta hərbi əməliyyatların intensivliyinin azalacağı təqdirdə belə, İran Hörmüz boğazında gəmiçiliyin bloklanması təhdidləri də daxil olmaqla, İsrailə və regiona təzyiqi davam etdirə bilər. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az