Dünya
KİV: Pentaqon İrana qarşı əməliyyatlar üçün 200 milyard dollar vəsait istəyir
Pentaqon rəsmiləri İrana qarşı döyüş əməliyyatlarının davam etdirilməsi üçün 200 milyard dollardan çox vəsait ayrılmasına nail olmağa çalışırlar. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri adı açıqlanmayan yüksəkvəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb. "Pentaqon Ağ Evdən İrandakı müharibənin maliyyələşdirilməsi üçün Konqresə 200 milyard dollardan çox vəsait ayrılmasına dair sorğunun təsdiqləməsini istəyib", - deyə nəşrdə bildirilib. Bununla yanaşı müəlliflər qeyd edirlər ki, belə bir istək Yaxın Şərqdəki münaqişənin tezliklə başa çatdırılmasına tərəfdar olan qanunvericilər tərəfindən mütləq müqavimətlə qarşılanacaq. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az