Dünya

KİV: Səudiyyə Ərəbistanının Yanbu limanına və neft emalı zavoduna hücum olub

19 Mar 2026, 10:40 2 baxış
KİV: Səudiyyə Ərəbistanının Yanbu limanına və neft emalı zavoduna hücum olub
Qırmızı dənizin Səudiyyə Ərəbistanının sahilində yerləşən Yanbu limanına hava hücumu edilib, nəticələr minimaldır. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Yanbu hazırda Səudiyyə Ərəbistanının yeganə neft ixrac məntəqəsidir. Hücumun dəqiq səbəbi məlum deyil. "Saudi Aramco" hələlik hücumla bağlı şərh verməyib. Ötən gecə İran dövlət televiziyası da Yanbu neft emalı zavoduna raket hücumu olduğunu iddia edib. Bundan əlavə, Səudiyyə Ərəbistanındakı Samref neft emalı zavodu da hava hücumuna məruz qalıb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər