Dünya
İran Hörmüz boğazından keçən neft tankerini saxladı
Hörmüz boğazını keçməyə cəhd göstərən Barbadosa məxsus neft tankeri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi informasiya yayıb. "Barbados bayrağı altında üzən nəhəng neft tankeri Hörmüz boğazında SEPAH-ın dəniz qüvvələri tərəfindən dayandrılıb və geri dönməyə məcbur edilib", - deyə xəbərdə bildirilib. Məlumata görə, tankerdə 160 min ton neft olub. Bu göstərici isə İran tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə uyğun gəlməyib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə
oxu.az