Dünya
On iki ərəb və islam ölkəsinin xarici işlər nazirləri İranı hücumları dayandırmağa çağırıblar
12 ərəb və islam dövlətinin xarici işlər nazirləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı görüşlərindən sonra martın 19-u dərc edilmiş birgə bəyanatda İranı öz hücumlarını dayandırmağa çağırıblar. Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bəyanatda İranın ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə edərək yaşayış məntəqələrini və mülki infrastrukturu, o cümlədən neft obyektlərini, suşirinləşdirici qurğuları, hava limanlarını, yaşayış binalarını və diplomatik nümayəndəlikləri hədəf alan qəsdən hücumları pislənilir. "İştirakçılar vurğulayıblar ki, bu hücumlara heç bir bəhanə ilə və heç bir şəkildə haqq qazandırıla bilməz", - deyə sənəddə bildirilir. XİN rəhbərləri, həmçinin İsrailin Livana hücumlarını pisləyib və Livanın təhlükəsizliyinə, sabitliyinə və ərazi bütövlüyünə dəstəyi bir daha təsdiqləyiblər. Bəyanat Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən xarici işlər nazirlərinin adından dərc olunub. Bu ərəfədə "QatarEnergy" şirkətindən bildirilib ki, Ras-Laffan sənaye şəhərinə növbəti İran hücumlarından sonra mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı üzrə bir neçə zavodda böyük yanğınlar baş verib. Yeni hücumlar nəticəsində əhəmiyyətli dərəcədə əlavə ziyan dəyib, çevik reaksiya qrupları dərhal yerləşdirilib, tələfat barədə məlumat daxil olmayıb.
Mənbə
oxu.az